CROSSMEDIA - Analitik İnformasiya Portalı

Humanitar

15:08 10.10.2026

“Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikası Prezidentinin nitqi və qarşıda duran vəzifələr” – AMEA-da elmi-praktiki konfrans

60

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikası Prezidentinin nitqi və qarşıda duran vəzifələr” adlı elmi-praktiki konfrans keçirilib. Crossmedia.az xəbər verir ki, Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra kitab sərgisinə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Konfransda açılış nitiq ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Yeni Azərbaycan Partiyasının VIII qurultayının müstəqil Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində qarşıya qoyulan hədəf və strategiyaları müəyyən etdiyini qeyd edib. Qurultayda partiyanın Azərbaycan cəmiyyətinin inkişafında rolunun və xidmətlərinin yüksək qiymətləndirildiyini, eyni zamanda, qarşıdakı dövr üçün vəzifələrin aydın şəkildə bəyan olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin qurultaydakı nitqinin dərin məzmunu ilə seçildiyini vurğulayan Akademiya rəhbəri çıxışın sözün əsl mənasında müstəqillik dərsləri səviyyəsində səsləndiyini diqqətə çatdırıb. Qurultayda Partiyanın keçdiyi mübarizə yolu və əldə etdiyi nailiyyətlər təhlil edilərək, baş verən qlobal proseslərə konseptual baxış ortaya qoyulduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, Prezidentin çıxışında səsləndirilən fikirlər müasir dünyanın reallıqlarını və Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifələri əhatə edir. Akademik İsa Həbibbəyli xüsusi olaraq vurğulayıb ki, dövlət başçısının dünya hadisələrinə Azərbaycanın reallıqları və milli maraqları kontekstində yanaşması hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsi baxımından mühüm əhəmiyyət daşıyır. AMEA rəhbəri müasir dünyada geosiyasi tarazlığın pozulması, müharibələr və təbii fəlakətlərin yaratdığı çətinliklər, eləcə də Azərbaycanın nailiyyətlərini qəbul etmək istəməyən qüvvələrin mövcudluğunun ölkəmizin daha da güclənməsini zəruri etdiyini bildirib. Bu ilin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev tərəfindən yeni dövrün ümummilli vəzifələri ilə bağlı mühüm çağırışların səsləndirildiyini xatırladan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın hərbi, iqtisadi və ideoloji baxımdan qüdrətli, qlobal çağırışlar qarşısında milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət olduğunu qeyd edib, hər bir vətəndaşın öz vəzifəsinə məsuliyyətlə yanaşmasının ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib. Xalqın Yeni Azərbaycan Partiyası və onun lideri, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşməsi ilə güclü Azərbaycanın daha da möhkəmləndiyini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının ölkənin ideoloji mübarizəsində hər zaman ön sıralarda olduğunu, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin elmi əsaslarla izah olunmasında, konseptual baxışların formalaşdırılmasında və gələcək nəsillərə çatdırılmasında Akademiyanın mühüm rol oynadığını bildirib. Prezidentin çıxışından irəli gələn vəzifələrə uyğun olaraq AMEA tərəfindən tarix, ədəbiyyat, fəlsəfə və digər elm sahələri üzrə daha güclü Azərbaycan ideyasını əks etdirən sanballı kitabların və elmi məqalələrin meydana qoyulduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində AMEA əməkdaşları tərəfindən 48 kitabın hazırlandığını xatırladaraq Ulu Öndərin siyasi irsinin sistemli elmi tədqiqinin davam etdirilməsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin elmi əsaslarla araşdırılmasının əhəmiyyətini vurğulayıb. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova konfransda məruzə ilə çıxış edərək oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayının Azərbaycanın Zəfər qazandığı və suverenliyini tam bərpa etdiyi dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, bu qurultay Partiyanın yarandığı gündən ilk dəfə tarixi qələbə şəraitində keçirilib. Prezident İlham Əliyevin VIII qurultaydakı çıxışının 1990-cı illərin çətin tarixi mərhələsindən Zəfərə qədər keçilən yolun mahiyyətini əks etdirdiyini diqqətə çatdıran deputat qurultayda ideoloji təhlükəsizlik, xarici təhdidlərə qarşı mübarizə, Zəfərdən sonra yaranan yeni reallıqlar, yeni müzakirə istiqamətlərinin müəyyənləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzura qayıdış kimi mühüm məsələlərin önə çəkildiyini vurğulayıb. Elnarə Akimova YAP-ın yeni strategiya əsasında təşkilatlanmasının da əsas məqamlardan biri olduğunu qeyd edərək bildirib ki, müasir reallıqlar şəraitində milli məfkurənin, milli kimliyin və milli özünüdərkin qorunması xüsusi əhəmiyyət daşıyır. Məruzəçi 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasını dövrün tələblərindən irəli gələn mühüm tarixi hadisə kimi səciyyələndirib. O, Partiyanın yaranmasının ölkənin mürəkkəb siyasi şəraitində ideoloji xəttin qorunub saxlanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Ötən əsrin 90-cı illərinin ictimai-siyasi mənzərəsinə toxunan Elnarə Akimova həmin dövrün tənəzzül və xaos şəraitini xatırladıb. Bildirib ki, belə bir mürəkkəb zamanda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin qarşısında duran mühüm problemlərin həlli, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın bugünkü Zəfərinə aparan yolun əsasının qoyulması baxımından həlledici əhəmiyyət daşıyıb. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı ilə yeni tarixi şəraitdə qarşıya mühüm vəzifələr qoyulduğunu bildirib. O, 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin ABŞ Prezidenti Tomas Vudro Vilson tərəfindən qəbul olunmasını və Azərbaycanın dövlət müstəqilliyinin tanınması istiqamətində atılan tarixi addımları xatırladıb. O, bir əsrdən çox vaxt keçdikdən sonra da Azərbaycan ilə ABŞ arasında münasibətlərin və ölkəmizin beynəlxalq mövqeyinin əhəmiyyətinə diqqət çəkib. Natiq bir neçə ay sonra keçiriləcək G20 liderlər sammitinə Azərbaycan Respublikasının Prezidentinin qonaq qismində dəvət olunmasını ölkəmizin beynəlxalq nüfuzunun və inkişafının göstəricisi kimi qiymətləndirib. Bəxtiyar Nəbiyev bu kimi hadisələrin Azərbaycanın əldə etdiyi nailiyyətləri və dövlətimizin artan beynəlxalq mövqeyini əks etdirdiyini vurğulayıb. Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə gənc alimlər adından çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışını gənc tədqiqatçı mövqeyindən şərh edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR