BDU-nun jurnalistika fakültəsinin 1996-cı il məzunları yenidən auditoriyada
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin 2000-ci il məzunları illər sonra yenidən doğma auditoriyada bir araya gəliblər. Keçmiş tələbələr səmimi görüş keçirərək tələbəlik xatirələrini bölüşüblər.
Tədbiri Azərbaycan Radiosunun direktoru, fakültənin müəllimi Billurə Aslanqızı açaraq müəllimləri və qrup yoldaşlarını salamlayıb.
Daha sonra vaxtsız itirdikləri qrup yoldaşları – Dəyanət Söhbətov, Şəlalə Kərimova və yaxın günlərdə vəfat edən Vətən müharibəsi qazisi Rəşad Baxşəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüş zamanı tələbəlik illərini əks etdirən foto və videolardan ibarət videoçarx nümayiş etdirilib. 30 il keçməsinə baxmayaraq, məzunlar yenidən eyni partalarda əyləşərək o illərin xatirələrini yaşayıblar. Dünyasını dəyişmiş qrup yoldaşlarının xatirəsinə isə qərənfillər düzülüb.
Tədbirdə həmin illərdə fakültənin dekanı işləmiş professor Akif Rüstəmov, müəllimlər - professor Cahangir Məmmədli, professor Qulu Məhərrəmli və dosent Gülnarə Sadıqova çıxış edərək keçmiş illərlə bağlı xatirələrini bölüşüblər.
Bundan əlavə, məzun Məxfurə Həsənova tərəfindən hazırlanan videoçarx auditoriyada nostalji və kövrək anlar yaradıb.
Tədbirin sonunda məzunlar söz alaraq 30 il keçməsinə baxmayaraq dostluq bağlarının dəyişmədiyini, tələbəlik illərinin isə həyatlarının ən dəyərli dövrlərindən biri olduğunu vurğulayıblar.
Görüş səmimi vidalaşma və xatirə şəkilləri ilə başa çatıb. Sonda yoldaşlardan biri deyib: “Simalarda cizgilər dəyişsə də, səslər dəyişməyib”.
Fatimə
17:11 06.05.2026
Oxunuş sayı: 48