Artıq orta ixtisas təhsilinə deyil, ali təhsilə üstünlük verilir - Ekspert
“Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı dayandırılıb. Qərara əsasən, bu ixtisas artıq yalnız ali təhsil pilləsində tədris olunacaq. Bununla da 9 və 11 illik bazadan kolleclərdə qəbul prosesi ləğv edilib. Yeni yanaşma pedaqoji kadr hazırlığının keyfiyyətinin artırılmasına yönəlib. Eyni zamanda, fiziki tərbiyə müəllimlərinin hazırlanmasında vahid ali təhsil standartının tətbiqi nəzərdə tutulur. Bu dəyişiklik təhsil sistemində islahatların davamı kimi qiymətləndirilir.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə əlaqədar Crossmedia.az-a danışıb: "Artıq dünyanın əksər ölkəsində qəbul olunub ki, pedaqoji ixtisaslar yalnız ali təhsil sistemi çərçivəsində həyata keçirilməlidir. Bir çox inkişaf etmiş və təhsil göstəriciləri yüksək olan ölkələr pedaqoji kadr hazırlığını ali təhsil səviyyəsində aparır. Bizdə də bir neçə il əvvəl orta ixtisas təhsil müəssisələrində ibtidai sinif və xarici dil müəllimliyi ixtisasları ləğv edilib. Qarşıdakı illərdə məktəbəqədər təhsilin də orta ixtisas müəssisələrindən çıxarılacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, dövr dəyişib və pedaqoji kadrlara tələbat artıb. Artıq orta ixtisas təhsilinə deyil, ali təhsilə üstünlük verilir. Bu yanaşma təkcə bizim ölkəmizə aid deyil, qlobal tendensiyadır".
Ekspert fiziki tərbiyə müəllimliyinə hazırlıq prosesindən də danışıb: “Qabiliyyət imtahanları ali təhsil istiqamətində daha fərqli formada keçirilir. Məsafəyə qaçış, turnikdən dartınma kimi normativlər vasitəsilə bu ixtisas üzrə təhsil alan şəxslərin fiziki bacarıqları müəyyənləşdirilir”.
Fatimə
19:04 06.05.2026
Oxunuş sayı: 83