Fars körfəzi ölkələri ABŞ-dan narazıdır
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn ABŞ administrasiyasının İranla bağlı diplomatik həllə nail ola bilməməsindən narazıdır.
Crossmedia.az "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, Fars körfəzi ölkələri ABŞ-ın regionda təhlükəsizlik tərəfdaşı olaraq qalmasına baxmayaraq, Vaşinqtonun İranla bağlı siyasətindən getdikcə daha çox məyus olurlar. Bəzi ölkələr ərazilərində böyük ABŞ hərbi obyektlərinin yerləşdirilməsinin gələcəkdə nə dərəcədə məqsədəuyğun olduğunu müzakirə etməyə başlayıblar.
Məlumata görə, Qətər və Bəhreyndə ABŞ-ın böyük hərbi bazaları yerləşir. Körfəz ölkələri isə Vaşinqtondan təhlükəsizlik sahəsində asılılığı azaltmaq və alternativ regional əməkdaşlıq imkanlarını nəzərdən keçirmək istəyirlər.
Dəyişən yanaşmanın nümunələrindən biri Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkə Qarşılıqlı Müdafiə Sazişinin imzalanmasıdır. Saziş region ölkələrinin öz təhlükəsizlik imkanlarını gücləndirmək və ABŞ-dan asılılığı azaltmaq istiqamətində atdığı addımlardan biri kimi qiymətləndirilir.
Bununla belə, ekspertlər hesab edirlər ki, Körfəz ölkələrinin ABŞ-la münasibətlərində yaranan narazılıq yaxın perspektivdə regionun təhlükəsizlik sistemini tamamilə dəyişməyəcək. Vaşinqton hələ də bu ölkələrin əsas təhlükəsizlik tərəfdaşı və böyük silah təchizatçısı olaraq qalır.
21:56 16.08.2026
Oxunuş sayı: 52