İsrail hücumu nəticəsində 6 nəfər daha həyatını itirdi
İsrail ordusunun Qəzza zolağında atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda ölənlərin sayının 6-ya, yaralananların sayının isə 13-ə yüksəldiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” xəstəxana mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində bir evin həyətini pilotsuz uçuş aparatı ilə hədəfə alıb. Hücum nəticəsində 34 yaşlı Mahmud İbrahim İlyan həyatını itirib. Beyt Lahiyanın yaxınlığında açılan atəş nəticəsində isə iki fələstinlinin yaralandığı bildirilib.
Bundan başqa, İsrailin daha əvvəl həyata keçirdiyi hücumlarda yaralanan iki fələstinlinin də öldüyü qeyd olunub.
Qəzza şəhərində Haydar yolayrıcının yaxınlığında yerləşən “Əl-Əsala 1” binasının birinci mərtəbəsinə gecə saatlarında endirilən zərbə nəticəsində isə dördü qadın olmaqla beş fələstinlinin öldüyü, çox sayda şəxsin yaralandığı bildirilib.
Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal İsrail ordusunun bölgədə həm müsəlmanları, həm də xristianları fərq qoymadan hədəfə aldığını iddia edib. O, Qəzzada bir evə endirilən zərbə nəticəsində öldürülən xristian qadın və qızının Müqəddəs Porfiri Rum Pravoslav kilsəsində keçirilən dəfn mərasimindən sonra torpağa tapşırıldığını bildirib.
Basal İsrail ordusunun xəbərdarlıq etmədən binanı hədəfə aldığını və hücum zamanı dörd qadının öldüyünü söyləyib. O, atəşkəsə baxmayaraq Qəzza zolağında hücumların və pozuntuların davam etdiyini iddia edib.
06:20 04.10.2026
Oxunuş sayı: 44