Dunay çayında “Aclıq qayası” yenidən üzə çıxıb
Avropanın ən uzun çaylarından biri olan Dunayda suyun səviyyəsinin rekord həddə azalması ciddi fəsadlara səbəb olub.
Crossmedia.az bu barədə "The Guardian" a istinadən xəbər verir.
Qəzetin məlumatına görə, Dunay boyunca yaşayan bəzi sakinlər içməli su təminatında çətinliklərlə üzləşir, kənd təsərrüfatı sahələrində isə məhsullar məhv olur. Çayın bəzi hissələrində su o qədər azalıb ki, insanlar çayın qurumuş yatağı boyunca hərəkət edə bilir.
Xüsusilə Budapeştdə yerləşən “Aclıq qayası”nın (Ínség-szikla) demək olar ki, tamamilə üzə çıxması diqqət çəkib. Tarixən bu qayanın görünməsi Dunayda suyun təhlükəli dərəcədə azalmasının və ardınca məhsul çatışmazlığı, hətta aclığın baş verə biləcəyinin əlaməti hesab olunurdu.
Hazırda qayanın ətrafındakı qumlu çay yatağının böyük hissəsi də üzə çıxıb. Bu vəziyyət geoloqları və hökumət tərəfindən əraziyə göndərilən mütəxəssisləri təəccübləndirib.
Dunayda suyun kəskin azalması enerji sektoruna da təsir göstərir. Macarıstanda çayın suyundan soyutma məqsədilə istifadə edən nüvə reaktorlarının böyük hissəsinin fəaliyyətinin dayandırıldığı bildirilir. Bu, ölkədə son 44 ildə ilk dəfə belə vəziyyətin yaranması kimi qiymətləndirilir.
Mütəxəssislər Dunay hövzəsində müşahidə olunan quraqlığın iqlim dəyişiklikləri ilə əlaqəli daha geniş problemin bir hissəsi olduğunu bildirirlər. Su ehtiyatlarının azalması kənd təsərrüfatı, enerji istehsalı, nəqliyyat və əhalinin içməli su təminatı üçün ciddi risklər yaradır.
16:08 16.08.2026
Oxunuş sayı: 55