Uşaqları müqayisə etmək hansı nəticələrə gətirir? – Psixoloqdan açıqlama
Ailədə uşaqlar arasında münasibətlərin formalaşmasına valideynlərin gözləntiləri, diqqətin bölüşdürülməsi və hər bir övlada verilən məsuliyyət də təsir göstərir. Xüsusilə ilk uşağa daha yüksək tələblərin qoyulması onun ailədaxili rolunu fərqləndirə, bu münasibət isə digər övladların özlərini necə qiymətləndirməsinə təsir göstərə bilər. Böyük övladın uğurlarının ailədə tez-tez nümunə kimi təqdim olunması kiçik uşaqlarda müqayisə və özünü ikinci planda hiss etmə duyğusu yarada bilər. Bu baxımdan ailədə uşaqların fərdi xüsusiyyətlərinin nəzərə alınması və onların bir-biri ilə müqayisə edilməməsi sağlam münasibətlərin formalaşmasında mühüm amillərdən hesab olunur.
Crossmedia.az-a açıqlamasında psixoloq Adilə Əliyeva ailədə ilk uşaq olmağın avtomatik olaraq onun digər uşaqların “kölgəsində qalmasına” və ya əksinə, digər uşaqların onun kölgəsində böyüməsinə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, burada əsas amil valideynlərin uşaqlara yanaşması, onlardan gözləntiləri və onları bir-biri ilə müqayisə edib-etməməsidir:
“İlk uşaq, əslində, valideynlər üçün ilk valideynlik təcrübəsidir. Valideynlər bir çox şeyi ilk dəfə onun üzərində öyrənirlər: uşağın davranışlarına necə reaksiya vermək, hansı sərhədləri qoymaq, məsuliyyəti necə bölüşdürmək və s. Buna görə də ilk uşağa qarşı bəzi yanaşmalar daha ehtiyatlı və ya daha tələbkar ola bilər. Sonrakı uşaqlarda isə valideynlər artıq müəyyən təcrübə qazandıqları üçün ilk uşaqla bağlı etdikləri bəzi səhvləri təkrarlamaya, daha rahat və fərqli yanaşma göstərə bilərlər. Amma bu, bütün ailələrdə eyni formada baş vermir. Hər ailə özünə görə müstəqil ölkədir. Bəzən, əksinə, valideynin təcrübəsi artdıqca gözləntiləri də arta və uşaqlar arasında yanaşma fərqləri yarana bilər”, - deyə psixoloq bildirib.
Adilə Əliyeva qeyd edib ki, ilk uşaq bir çox hallarda valideynlərin bütün diqqətini ilk dəfə üzərində topladığı övlad olur və bu, onun üzərinə müəyyən gözləntilərin qoyulmasına səbəb ola bilər: “Valideynlər onun uğurlarına daha həssas yanaşa, ondan daha çox məsuliyyət gözləyə və müəyyən mənada onu ailədə “nümunə” kimi görə bilərlər. Eyni zamanda, ilk göz bəbəkləri olduqları üçün müəyyən mənada daha sərbəst də böyüdə bilərlər. Sonrakı uşaqlar böyüdükcə isə artıq ailədə formalaşmış müəyyən gözləntilərlə qarşılaşırlar”.
Psixoloqun sözlərinə görə, valideynlərin uşaqları müqayisə etməsi xüsusilə kiçik uşağın özünüqiymətləndirməsinə təsir göstərə bilər. “Əgər valideynlər “bax, böyük bacın belə etdi”, “qardaşın sənin yaşında bunu bacarırdı” kimi müqayisələrdən istifadə edirlərsə, kiçik uşaq zamanla özünü ayrıca bir fərd kimi deyil, böyük bacı və ya qardaşının göstəriciləri fonunda qiymətləndirməyə başlaya bilər. Bu da onda özünəinam əksikliyinə və ya bacı-qardaş qısqanclığına səbəb ola bilər”, - deyə Adilə Əliyeva vurğulayıb.
O əlavə edib ki, belə hallarda uşağın özünü “kölgədə qalmış” hiss etməsi mümkündür: “Uşaq düşünə bilər ki, “mən nə etsəm də, onun qədər yaxşı deyiləm” və ya “ailədə məndən onsuz da o qədər böyük şey gözlənilmir”. Bu isə zamanla onun özünü yetərsiz hiss etməsinə səbəb ola bilər”.
Adilə Əliyeva bildirib ki, diqqət yalnız kiçik uşağın üzərinə yönəldilməməli, böyük uşağın üzərinə düşən məsuliyyət də nəzərə alınmalıdır: “Çünki “sən böyüksən, sən nümunə olmalısan, sən kiçiklərə baxmalısan” kimi davamlı məsuliyyət yükləmək də ilk uşağın özünü həddindən artıq məsuliyyətli hiss etməsinə və daim valideyn gözləntilərini qarşılamağa çalışmasına səbəb ola bilər”.
Psixoloq valideynlərə uşaqları bir-biri ilə müqayisə etmək əvəzinə, hər birinin fərdi xüsusiyyətlərini və inkişaf tempini nəzərə almağı tövsiyə edib: “Bir uşağın uğuru digər uşağın uğursuzluğu kimi təqdim edilməməlidir. “Qardaşın bunu bacardı, sən niyə bacarmırsan?” əvəzinə, “Sənin güclü tərəflərin nələrdir və onları necə inkişaf etdirə bilərik?” yanaşması daha sağlamdır”.
O qeyd edib ki, ailədə bərabərlik bütün uşaqlara eyni münasibət göstərmək anlamına gəlmir: “Hər uşağın ehtiyacı fərqli ola bilər. Əsas məsələ hər bir uşağın ailədə özünəməxsus və dəyərli bir yeri olduğunu hiss etməsidir. Uşaq bilməlidir ki, onun dəyəri bacı-qardaşının nailiyyətləri ilə ölçülmür və ailədə qəbul olunması hansı nəticəni göstərməsindən asılı deyil”.
Adilə Əliyeva vurğulayıb ki, uşağa şərtli sevgi və qəbul hissi verməmək də vacibdir: “Uşaq yalnız uğur qazandığı, yaxşı davrandığı və ya valideynin gözləntilərini qarşıladığı zaman deyil, olduğu kimi dəyərli və qəbul olunan biri olduğunu hiss etməlidir. Bu, həm bacı-qardaşlar arasında sağlam münasibətin formalaşmasına, həm də hər bir uşağın özünəinamının qorunmasına kömək edir”.
Nigar Xəlilli
18:40 03.10.2026
Oxunuş sayı: 45