Dünya iqtisadiyyatının görünməyən tərəfləri: Yüksək sürətlə inkişaf edən istənilən ölkə ciddi problemlərlə üzləşə bilər
Dünya iqtisadiyyatı və Azərbaycan(Layihənin müəllifi Rüfət Quliyevdir)
Qlobal iqtisadiyyatın ən böyük sınaqlarından birinə çevrilən və artıq ÜDM-in 120–130 faizini aşan ümumdünya borc böhranı fonunda, Azərbaycan keyfiyyətcə tamamilə fərqli və unikal bir makroiqtisadi model nümayiş etdirir. İnkişaf etmiş böyük dövlətlərin belə trilyonlarla dollarlıq borc yükü altında əziyyət çəkdiyi, xarici öhdəliklərin milli valyutalar və inflyasiya üçün ciddi risklər yaratdığı bir dövrdə, ölkəmiz maliyyə suverenliyini və makroiqtisadi sabitliyini ən yüksək səviyyədə qorumağı bacarır.
Cari ilin ortalarına olan göstəricilərə əsasən, Azərbaycanın ümumi dövlət borcunun nəzərdə tutulan ÜDM-ə nisbəti cəmi 18,2 faiz təşkil edir. Bu rəqəm nəinki dünya ortalamasından dəfələrlə aşağıdır, həm də dövlət başçısının təyin etdiyi strategiyaya tam uyğun olaraq xarici borcun minimuma endirilməsi və daxili borclanmanın üstünlük təşkil etməsi (67,1%) xəttini aydın şəkildə göstərir. Riskli xarici öhdəliklərdən imtina edərək, idarəolunan daxili resurslara və dayanıqlı maliyyə mexanizmlərinə söykənən bu praqmatik yanaşma, Azərbaycanı qlobal dalğalanmalardan sığortalamaqla yanaşı, gələcək nəsillərin çiyninə ağır borc yükünün düşməsinin də qətiyyətlə qarşısını alır. Xüsusilə də Azərbaycan dövlət borcunun 7.5 faiz azalması bu siyasətin nəticəsidir. Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a danışıb: “"Bu gün BMT-də 193 ölkə rəsmi olaraq təmsil olunur. Avropa İttifaqı ayrı bir yer tutur, Fələstin və Vatikan müşahidəçi statusundadır.

Dünyanın ümumi daxili məhsuluna (ÜDM) nəzər salsaq, ümumi borclanma nisbəti 120–130% təşkil edir. Deməli, bu, dünyəvi bir problemdir. Borcun ÜDM-ə olan 120–130%-lik nisbəti ümumi göstəricidir, lakin ölkələrin 40%-inin Dövlət borcu üçün bu rəqəm orta hesabla artıq ümumi daxili məhsulu keçir.
Daha dəqiq desək, bu gün borclanma, bəlkə də, ən böyük problemdir. İqtisadi nəzəriyyə və praktika göstərir ki, inkişaf tempini və ÜDM-i artırmaq istəyən ölkələrin əksəriyyəti iqtisadiyyatlarına külli miqdarda investisiya qoymalıdırlar. Bu da, təbii ki, ölkə iqtisadiyyatının ÜDM həcmindən asılıdır. Ortalama götürsək, 1 milyard dollar investisiya güclü iqtisadiyyatı olan ölkədə yarım faizlik artım verəcəksə, ÜDM həcmi daha kiçik olan ölkədə 1 faizdən yuxarı artım təmin edəcək. Bu artıq aksioma çevrilib".
Professor qeyd edib ki, dövlətlər arasında ÜDM-in artım tempini yüksəltmək üçün gedən rəqabətdə xarici investisiyaların cəlb edilməsi siyasətinə daha çox üstünlük verilir: "Çünki xarici investisiya həm də yeni texnologiyalar deməkdir. Lakin daxili investisiyalar da burada heç də geri qalmır. İstər dövlət, istərsə də özəl investisiyalar olsun, ölkənin daxili gücü də böyük rol oynayır.
ÜDM-in artım tempini təmin etmək üçün dövlətlər kifayət qədər maliyyə alətlərindən istifadə edirlər. Maliyyə alətləri deyəndə beynəlxalq maliyyə qurumlarından götürülən xarici kreditlər və daxili imkanlar nəzərdə tutulur. Daxili imkanlardan istifadə istənilən ölkə üçün daha rahatdır. Məsələn, Yaponiyada dövlət borcu ÜDM-in 200%-indən yuxarıdır. Amma bunun təxminən 95%-i daxili borc olduğu üçün Yaponiya iqtisadiyyatına gələcəkdə böyük problem yaratmayacaq.
İstənilən ölkə üçün yaranan dövlət borcu gələcək nəsillərin üzərinə qoyulan və illərlə artan bir yükdür. Məsələn, dünyanın ən nəhəng, inkişaf etmiş iqtisadiyyatı olan Amerikada ümumi borc artıq 30 trilyon dolları keçir ki, bu da ÜDM-in təxminən 110–115%-inə bərabərdir. Amerika hər il yalnız 1 trilyon dollar vəsaiti həmin borcların faizlərini ödəməyə xərcləyir. Bu borcların 75%-i daxili, 25%-i isə xarici borclardır və əsasən istiqrazlar, yəni qiymətli kağızlar formasındadır”.
R. Quliyevin sözlərinə görə, ABŞ büdcəsindən hər il ayrılan həmin 1 trilyon dollar yalnız bu istiqraz və qiymətli kağızların faiz ödənişlərinə gedir:
"Bənzər situasiya İtaliyada və bir çox inkişaf etmiş Avropa ölkələrində də müşahidə olunur. İnkişaf etmiş ölkələr üçün ekspertlərin rəyləri fərqlənir: adam başına düşən ÜDM göstəricisi yüksək olan (40-50 min dolları keçən) ölkələr üçün bu makroiqtisadi göstərici o qədər də qorxulu sayılmır. Lakin bir çox ekspertlər, o cümlədən Nobel mükafatçısı olan iqtisadçılar qeyd edirlər ki, əgər bu trendin qarşısı alınmasa, yüksək sürətlə inkişaf edən istənilən ölkənin gələcəkdə ciddi problemləri yaranacaq. Amerikaya gəlincə, rəsmi borcu əhaliyə böləndə — yeni doğulan körpələrdən tutmuş təqaüdçülərə qədər — adam başına düşən borc artıq 11 min dolları keçib. Hələ ki Amerika iqtisadiyyatı buna dözür.
Bu məsələdə, bəlkə də, ən nümunəvi iqtisadi və maliyyə yolunu seçən ölkə Azərbaycandır. Azərbaycan dövləti bu məsələyə çox ciddi və dəqiq yanaşır. Bir neçə il bundan əvvəl cənab Prezident İlham Əliyevin xüsusi sərəncamı oldu: Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 20%-ini keçə bilməz və mərhələlərlə azalmalıdır, o cümlədən xarici borc minimuma endirilməlidir. Bu gün rəqəmlər də təsdiq edir ki, ümumi borcun ÜDM-ə nisbəti 18.2% təşkil edir. Dünyada belə az borcu olan ikinci bir ölkə tapmaq çox çətindir. İkincisi, burada ən mühüm məqam xarici borcdur. Xarici borc istənilən ölkənin iqtisadiyyatı üçün daima böyük risklər yaradır".
İqtisad elmləri doktoru nümunə ölkə olaraq qardaş Türkiyəni də göstərib:
"Türkiyədə nəhəng və inkişaf etmiş iqtisadiyyatın olmasına baxmayaraq, vaxtilə götürülmüş və 250 milyard dolları (bəzi ekspertlərə görə 300 milyardı) keçən borcların əksəriyyəti xarici borclardır. Məhz bu amil bu gün Türkiyə iqtisadiyyatında mürəkkəb bir şərait yaradıb: 50% civarında yüksək inflyasiya və 40–45% təşkil edən devalvasiya. Bu mənzərə göstərir ki, keçmiş borclar bir tərəfdən Türkiyənin sürətli inkişafını təmin edib texnologiya gətirdisə, digər tərəfdən bu cür problemlərə gətirib çıxardı. Ekspertlər son iki ildə Türkiyədə yaşanan iqtisadi çətinliklərin əsas səbəbi kimi dövlət borcunun, xüsusən də xarici borcun sürətlə artmasını göstərirlər. Burada əsas məsələ investisiyanın səmərəliliyi, yəni qoyulan vəsaitin ÜDM artımına nə dərəcədə effektiv təsir etməsidir".
Professor yenidən ölkəmizin iqtisadi vəziyyəti ilə bağlı fikirlər səsləndirib.
"Yenə də Azərbaycana qayıdaraq təsdiqləyirik ki, bu proseslər ölkəmizdə diqqətlə izlənilir və idarə olunur. Dövlətin və hökumətin birmənalı mövqeyi xarici borclanmanı azaltmaq, daxili borclanmaya üstünlük verməkdir. Bu tendensiya tam nəzarətdədir və ona böyük önəm verilir. Daxili borclanma və ümumi dövlət borcumuz gələcəkdə bizə heç bir xələl gətirə bilməz, çünki bu borc idarə olunandır, təminatlıdır və iqtisadi inkişafa mane yaratmır. Hökumət maliyyə siyasətini ciddi nəzarətdə saxlayır ki, borclanma sürətlə artmasın.
Dövlətlərin bu formada borclanmasının 2000 ildən çox tarixi var. Bu proses hələ Qədim Yunanıstanda, Qədim Roma İmperiyasında və orta əsrlərdə də mövcud olub. Əsas səbəb dövlətlərin bir-biri ilə müharibə aparması və bunun böyük maliyyə xərcləri tələb etməsi idi. Bu da birmənalı olaraq valyutanın zəifləməsinə gətirib çıxarırdı. Hələ Qədim Romada və Avropanın bir çox ölkələrində (məsələn, İngiltərədə) qızıl pulların tərkibini dəyişərək pulu inflyasiyaya uğradırdılar. O vaxtlar istiqrazlar, təminat kağızları və kağız pullar yox idi, yalnız metal pullar mövcud idi. Bu səbəbdən qızıl pulun tərkibindəki xalis qızılın payını azaldıb, əvəzinə gümüş, mis və ya digər adi metallar qataraq pulun dəyərini düşürürdülər.
Bir iqtisadçı alim kimi, mən dövlətimizin bu formada maliyyə sistemini qurub inkişaf etdirməsini və yürütdüyü maliyyə siyasətini tam dəstəkləyirəm. Bu siyasət gələcəkdə Azərbaycanın maliyyə sabitliyini və maliyyə suverenliyini təmin etməyə böyük kömək olacaq".
Turqut Ansari
20:35 12.08.2026
Oxunuş sayı: 71