Münasibətlərdə yeni mərhələ: Azərbaycan Aİ tərəfdaşlarının sayını artırır
Azərbaycan və Slovakiya arasında siyasi dialoqun intensivləşməsi ikitərəfli münasibətlərin strateji məzmun qazandığını göstərir. Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşdən sonra səsləndirdiyi fikirlər əməkdaşlığın təkcə siyasi deyil, iqtisadi, enerji və hərbi-texniki sahələri də əhatə etdiyini ortaya qoyur. Bu dinamikanın regional və Avropa ilə münasibətlər kontekstində hansı perspektivlər vəd etdiyi diqqət mərkəzindədir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə ikitərəfli münasibətlərini inkişaf etdirməsi strateji və uzunmüddətli xarici siyasət xəttinin tərkib hissəsidir.
"Artıq bu yanaşmanın şahidi oluruq. IV Şuşa Qlobal Media Forumunda da Prezident İlham Əliyev Aİ-nin bəzi institutlarının fəaliyyətinə dair tənqidi fikirlər səsləndirmişdi. Bununla yanaşı, Azərbaycan Aİ çərçivəsindən kənarda, quruma üzv olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verir. Bu, həm taktiki, həm də strateji baxımdan düşünülmüş siyasi xəttdir."
Ekspertin sözlərinə görə, Slovakiya ilə əlaqələrin inkişafı Azərbaycanın Aİ tərəfdaşlarının sayının artmasına xidmət edir.
"Slovakiya ilə münasibətlərin hazırkı səviyyədə inkişafı onu göstərir ki, Azərbaycan Aİ-yə üzv ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq modelini genişləndirir. Bu proses Slovakiya ilə yanaşı, digər dost ölkələrlə də əlaqələrin möhkəmlənməsinə və Azərbaycanın ittifaq daxilində etibarlı tərəfdaşlarının sayının artmasına töhfə verir."
Nigar Xəlilli
09:30 16.07.2026
Oxunuş sayı: 51