Misirin Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduğu sahələr məlum olub
Misir Azərbaycanla neft-qaz, əczaçılıq, turizm, investisiya və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Əffat Mustafa Rəda Misirin Milli Günü münasibətilə keçirilən qəbul mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər möhkəm təməl və hər iki dövlət rəhbərliyinin siyasi dəstəyi sayəsində inkişaf etməkdə davam edir.
Diplomat bildirib ki, Azərbaycan və Misir bir çox sahələrdə əməkdaşlığı genişləndirə bilərlər.
"Azərbaycanın neft-qaz sənayesi yüksək səviyyədə inkişaf edib. Misirin də bu sahədə zəngin təcrübəsi var. Bununla belə, hələ də reallaşdırılması gözlənilən geniş əməkdaşlıq potensialı mövcuddur", – deyə səfir bildirib.
Diplomat əlavə edib ki, Misirdə əczaçılıq sənayesi və istehsal sektoru da sürətlə inkişaf edir. O vurğulayıb ki, bu sahələrdə Azərbaycan və Misir arasında təcrübə mübadiləsinin aparılması məqsədəuyğun olardı.
Hüsaməddin Əffat Mustafa Rəda qeyd edib ki, Qahirə ilə Bakı arasında əməkdaşlıq yalnız malların idxal və ixracı ilə məhdudlaşmamalıdır.
"Bizim əsas məqsədimiz təkcə ticarət deyil, həm də qarşılıqlı investisiyaların təşviqi, turizmin inkişafı və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsidir. Əməkdaşlıq edə biləcəyimiz çox sayda istiqamət mövcuddur", – deyə səfir vurğulayıb. (REPORT)
22:57 15.07.2026
Oxunuş sayı: 58