Səfir: Misir Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Misir Azərbaycanla mədəniyyət, turizm, elm sahələrində əməkdaşlığın genişləndirilməsində, həmçinin Misir şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirakında və analitik mərkəzlər arasında əlaqələrin inkişafında maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Husaməddin Əffat Mustafa Reda Misir Ərəb Respublikasının Milli Gününün 74-cü ildönümü münasibətilə keçirilən qəbulda bildirib.
Diplomatın sözlərinə görə, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına baxmayaraq, ikitərəfli əməkdaşlıq potensialı hələ tam reallaşdırılmayıb.
"Biz doğru istiqamətdə irəliləyirik və artıq birlikdə çox şeyə nail olmuşuq. Lakin qarşıda hələ çox iş var. Bu gün siyasi əlaqələrimizin səviyyəsi ilə ticari-iqtisadi əməkdaşlıq arasında boşluq mövcuddur. Bu boşluğu aradan qaldırmaq üçün ardıcıl səylər lazımdır", - səfir vurğulayıb.
O qeyd edib ki, hazırkı münasibətlərin möhkəm əsasını Azərbaycanın Ümummilli lideri Heydər Əliyev qoyub. Səfir vurğulayıb ki, Misir və Azərbaycanı ayıra biləcək cəhətlərdən daha çox birləşdirən cəhətlər mövcuddur.
Husaməddin Əffat Mustafa Redanın sözlərinə görə, qarşılıqlı hörmət və dostluq ənənələri Misir və Azərbaycanın hazırkı Prezidentləri Əbdülfəttah əs-Sisi və İlham Əliyevin rəhbərliyi altında möhkəmlənməkdə davam edir.
"Həm əvvəlki, həm də hazırkı liderlərimiz arasındakı dostluq və onların ikitərəfli əməkdaşlığa dair strateji baxışları bizə aydın istiqamət verir", - diplomat deyib.
Səfir həmçinin qeyd edib ki, Misir və Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli iştirakçılarıdır. O xatırladıb ki, hər iki ölkə iqlim üzrə COP konfranslarına (Şarm-əş-Şeyxdə COP27 və Bakıda COP29), eləcə də Ümumdünya Şəhərlər Forumuna (Qahirədə WUF12 və Bakıda WUF13) ev sahibliyi edib və mübahisələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli üçün çıxış edirlər.
20:41 15.07.2026
Oxunuş sayı: 50