Baş Prokurorluq Ağasəf İsmayılovun iddialarını təkzib etdi
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılovun müxtəlif media və sosial şəbəkələrdə yaydığı məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Crossmedia.az xəbər verir ki, Baş Prokurorluq bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, son dövrlər Ağasəf İsmayılov tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər məsələlər barədə həqiqətə uyğun olmayan iddialar səsləndirilib.
Qeyd olunub ki, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Magna Trans" MMC-nin həmtəsisçisi Ağasəf İsmayılovun cəmiyyətin digər təsisçilərinin onun məlumatı olmadan əmlakı satması və əldə olunan vəsaiti mənimsəməsi barədə müraciəti əsasında cinayət işi başlanılıb və hərtərəfli istintaq aparılıb.
Araşdırmalar, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisə hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aiddir. Cinayət işi çərçivəsində aparılmış vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutlar əsasında cinayət hadisəsi müəyyən olunmadığından cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması ilə bağlı müraciəti də araşdırılıb və iddialar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.
Baş Prokurorluq vurğulayıb ki, buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar yaymaqda davam edir.
Qurum media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırıb.
15:34 15.07.2026
Oxunuş sayı: 58