Aleksandr Novak Rusiyada yanacaq çatışmazlığının olduğunu etiraf edib
Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ölkənin daxili bazarında yanacaq çatışmazlığının müşahidə olunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, o, bunu hökumətin iclasında deyib.
Aleksandr Novakun sözlərinə görə, yanacaq qıtlığına bəzi neft emalı zavodlarının zərbələr nəticəsində fəaliyyətinin qismən dayanması səbəb olub.
O bildirib ki, hökumət neft emalı müəssisələrinin mühafizəsini gücləndirmək üçün tədbirlər görür və zavodların tam gücü ilə işləməsini, tələb olunan həcmdə yanacaq istehsalını təmin etməyə çalışır.
Baş nazirin müavini qeyd edib ki, buna baxmayaraq, Rusiyada neft məhsullarının emalı üzrə kifayət qədər istehsal gücü mövcuddur.
Aleksandr Novak əlavə edib ki, hökumət regionlara yanacaq tədarükünü artırmağı planlaşdırır, Federal Antiinhisar Xidmətinin (FAS) isə bazarda qiymətlərə ciddi nəzarət etməsi vacibdir.
O, həmçinin vurğulayıb ki, benzin və dizel yanacağının ixracına qoyulan qadağa daxili bazarın sabitləşdirilməsi və ölkənin tələbatının ödənilməsi məqsədi daşıyır. Novakun sözlərinə görə, bəzi vasitəçilər yaranmış yanacaq çatışmazlığından istifadə edərək qiymətləri əsassız şəkildə artırırlar.
15:36 10.07.2026
Oxunuş sayı: 43