ABŞ İran neftinin daşınmasına qarşı yeni tədbirlər gördü
ABŞ İranın neft və neft-kimya məhsullarının daşınmasında iştirak edən 17 “kölgə donanması” gəmisini sanksiya siyahısına əlavə edib.
Crossmedia.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) İrana qarşı sanksiyalardan yayınan “kölgə donanması”na məxsus gəmilərə qarşı tədbir gördüyünü açıqlayıb.
Bildirilib ki, sözügedən gəmilərdən bir milyondan çox barel İran xam nefti, həmçinin neft və neft-kimya məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşınmasında istifadə olunub.
Sanksiya siyahısına əlavə edilən 17 gəmi Panama, Baham adaları, Monqolustan, Palau, Kamerun və Honq Konq daxil olmaqla müxtəlif yurisdiksiyalarda qeydiyyatdadır. ABŞ Maliyyə Nazirliyi onların mürəkkəb beynəlxalq şirkətlər şəbəkəsi vasitəsilə idarə edildiyini bildirib.
Bundan başqa, İranın neft və neft-kimya sektorlarında fəaliyyət göstərən, gəmilərin istismarında və məhsulların daşınmasında iştirak edən bir sıra şirkətlər də sanksiya siyahısına salınıb.
Açıqlamada OFAC-ın daha əvvəl sanksiya tətbiq etdiyi iki gəmini isə siyahıdan çıxardığı qeyd olunub.
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İran hakimiyyətinin regiondakı müharibə fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə etdiyi mənbələri məhdudlaşdırır.
22:56 08.10.2026
Oxunuş sayı: 67