İrandan Azərbaycana qarşı yeni ittiham dalğası - Pezeşkian hədəfdədir
Ötən gün İran parlamentinin deputatı Kamran Qəzənfərinin səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. İran mediasının yaydığı məlumata görə, deputat çıxışı zamanı Prezident Məsud Pezeşkianı Azərbaycanın guya hədəfə alınmasının qarşısını almaqda ittiham edib. O, iddia edib ki, İran Silahlı Qüvvələri Bakıya zərbə endirmək istəsə də, Pezeşkian buna imkan verməyib. Qəzənfəri həmçinin heç bir sübut təqdim etmədən İranın "12 günlük müharibə" adlandırdığı hadisələr zamanı Azərbaycanın ABŞ və İsraillə əməkdaşlıq etdiyini irəli sürüb. Qeyd edək ki, deputatın səsləndirdiyi bu iddialar faktlarla əsaslandırılmayıb və onların doğruluğunu təsdiqləyən hər hansı dəlil təqdim edilməyib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Arzuman Abdulkərimov Kamran Qəzənfərinin açıqlamasının heç bir əsasının olmadığını vurğulayıb:

"Bu açıqlama heç bir fakta söykənmir. Çünki Azərbaycan dövləti olaraq biz heç vaxt İrana qarşı hər hansı bir hərəkətlilikdə, yad müdaxilədə, hərbi əməliyyatda iştirak etməmişik və bundan sonra da etmək fikrimiz yoxdur. Çünki cənab Prezident İlham Əliyev də, Azərbaycan dövləti də rəsmi bəyanatlarında həmişə deyib ki, İrana qarşı hər hansı bir üçüncü dövlətin Azərbaycan üzərindən əməliyyatlar keçirməsinə Azərbaycan dövləti heç vaxt razılıq verməyəcək".
Politoloq qeyd edib ki, Qəzənfəri SEPAH-a bağlı bir siyasətçidir və SEPAH-ın bu məsələlərdə Azərbaycana və qonşu dövlətlərə qarşı aqressiv münasibəti hər kəsə məlumdur: "Naxçıvana dron hücumlarından sonra da bir hərəkətlilik oldu ki, sanki bəzi qüvvələr Azərbaycanla İran arasında münasibətlərin hansısa hərbi müstəviyə keçməsində maraqlıdırlar. Hər iki dövlətin başında duran ağıllı insanlar isə bu məsələyə rəvac vermədilər və həmin anlaşılmazlıq təcili şəkildə, çox qısa müddətdə aradan qaldırıldı. Biz 12 günlük İran–ABŞ–İsrail qarşıdurması zamanı da İran xalqına humanitar dəstəyimizi verdik. Bu məsələdə Pezeşkianı ittiham etmələri ondan irəli gəlir ki, Pezeşkian Azərbaycan türküdür və burada yaşayan digər Azərbaycan türkü qardaşlarına qarşı belə bir addım atmaq istəməz. Əgər doğrudan da Pezeşkian bu məsələdə öz dəstəyini verirsə, biz ona minnətdarlığımızı bildiririk. Cənab Prezidentlə İran Prezidentinin dost və qardaş münasibətinin şahidi oluruq. Bu da bəzən şəxsi münasibətlərin diplomatik və siyasi məsələlərə təsir göstərdiyini göstərir. Bu baxımdan, Qəzənfərinin dediklərini onun öz xəyalının məhsulu kimi qiymətləndirirəm. Azərbaycan–İran münasibətlərində hər hansı bir gərginliyin yaranmasında Qəzənfəri kimilərin zaman-zaman maraqları olub. Hər iki dövlətin rəhbərliyində duran ağıllı siyasətçilərin sayəsində bu qarşıdurmaların daha da genişlənməsi mümkün olmayıb. Hazırda elə məsələlər var ki, onların açılması üçün zamana ehtiyac var. İran rəsmilərinin də bu məsələdə tələskənlik nümayiş etdirərək hər hansı açıqlama verməməsi başa düşüləndir. Zaman gələcək, tarix göstərəcək və biz bu məsələlərin zamanında necə olduğunu da görəcəyik".
Fatimə Məmmədova
19:21 30.06.2026
Oxunuş sayı: 165