Şagirdlərin tərbiyəsində kişi müəllimlərin də rolu mütləq olmalıdır - Ekspert
Məktəblərdə kişi müəllimlərin sayının az olması son illər tez-tez müzakirə olunan məsələlərdən biridir. Təhsil sahəsində çalışanların böyük hissəsini qadınlar təşkil edir ki, bu da məktəblərdə gender balansı ilə bağlı sualları gündəmə gətirir. Məktəb yalnız dərs keçilən məkan deyil, həm də uşaqların şəxsiyyətinin, davranışının və dəyərlərinin formalaşdığı mühitdir. Bu səbəbdən tədris prosesində həm qadın, həm də kişi müəllimlərin təmsil olunmasının vacibliyi vurğulanır.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Crossmedia.az-a açıqlamasında bildirib ki, milli mentalitet səbəbindən bir çox valideynlər öz övladları, xüsusilə də qız övladları üçün müəllimlik peşəsini daha uyğun, daha təhlükəsiz və dövlət tərəfindən sabit əməkhaqqı verilən peşə kimi görürlər:

" Həm müəllim peşəsinə cəmiyyətdə olan hörmət, həm də bu peşənin digər peşələrlə müqayisədə daha təhlükəsiz hesab edilməsi onu qadınlar üçün daha cəlbedici və uyğun edir. Digər tərəfdən, Azərbaycan ailəsində belə bir yanaşma var ki, əsasən kişi ailənin maddi problemlərini həll etməlidir. Qadın isə bir çox hallarda ev işləri ilə məşğul olur, işlədiyi təqdirdə isə daha çox yardımçı rolunu yerinə yetirir. Yəni ailə büdcəsində qadının rolu əksər hallarda əsas deyil, köməkçi xarakter daşıyır. Buna görə də müəllimlik peşəsi qadın üçün uyğun hesab olunur. Lakin əməkhaqqının aşağı olması qadın müəllimin müstəqil şəkildə ailə başçısı olmasına geniş imkan yaratmır.
Müəllimlik yüksək gəlirli sahə olmadığına və əməkhaqqı kifayət qədər yüksək olmadığına görə kişilər, ailə başçısı olduqları üçün, bu peşədən ciddi şəkildə uzaqlaşırlar. Bu isə cəmiyyətdə böyük problemlər yarada bilər. Çünki valideynlər uşağı nə qədər tərbiyə etsələr də, onun tərbiyəsinin formalaşdığı əsas məkan məktəbdir. Məktəbdə öz peşəsinə və prinsiplərinə sadiq olan qadın müəllimlər şagirdlərə həm bilik verir, həm də onların tərbiyəsində mühüm rol oynayırlar. Lakin tərbiyə prosesində yalnız qadınların iştirak etməsi, xüsusilə də oğlan şagirdlər üçün gələcəkdə müəyyən problemlərin yaranmasına səbəb ola bilər".
V.Oruc hesab edir ki, şagirdlərin tərbiyəsində kişi müəllimlərin də rolu mütləq olmalıdır:
"Ona görə də hökumət müxtəlif təşviq proqramları və layihələri vasitəsilə kişilərin müəllimlik peşəsinə marağını artırmalıdır. Yalnız qadınlardan ibarət müəllim ordusu cəmiyyət üçün hərtərəfli formalaşmış nəslin yetişdirilməsi məsələsini təkbaşına həll edə bilməz. Qadın müəllimlərin rolu çox böyükdür, lakin mütləq kişi müəllimlərə də ehtiyac var. Xarakterin formalaşması, kişilik nümunəsinin göstərilməsi və müəyyən bacarıqların aşılanması baxımından kişi müəllimlər mühüm rol oynayırlar. Bu, təbiətin qanunudur.
Hazırda kişilər üçün əmək bazarında texniki sahələr, mühəndislik, informasiya texnologiyaları və sahibkarlıq kimi alternativlər mövcuddur. Bu sahələrdə daha yüksək gəlir əldə etdikləri üçün sabit, lakin aşağı əməkhaqqı olan müəllimlik peşəsinə üstünlük vermirlər. Bu baxımdan müəllim peşəsinin ictimai nüfuzunun əvvəlki dövrdə olduğu kimi artırılması, ona marağın yenidən formalaşdırılması və cəmiyyətdə əhəmiyyətinin təbliğ edilməsi vacibdir.
Eyni zamanda təşviq proqramları həyata keçirilməlidir ki, ailə başçısı olan kişilər üçün bu peşə maddi baxımdan da cəlbedici olsun. Əslində gender balansının qorunması təkcə qadınlarla bağlı məsələ deyil, kişilər də bu prosesdə nəzərə alınmalıdır. Gender balansı vacibdir. Heç olmasa qadın və kişi müəllimlərin sayı bir-birinə yaxın olmalıdır ki, həm tədris, həm də tərbiyə prosesi normal şəkildə həyata keçirilsin. Müəllim və tərbiyəçi-mentor kimi kişi müəllimlərin mövcudluğu mütləq təmin edilməlidir. Bu, zəruri, vacib və mühüm məsələdir".
Müsahibimizin sözlərinə görə, bu problem yuxarı siniflərdə daha çox hiss olunur:
"Bu gün məktəblərimizin yaşadığı problemlərin kökündə duran səbəblərdən biri də budur. Çıxış yolu isə müəllimlik peşəsinin nüfuzunun artırılması, maarifləndirmə proqramlarının televiziyalarda, radiolarda və digər kütləvi informasiya vasitələrində təqdim olunması, müəllim nüfuzunun əvvəlki səviyyəsinə qaytarılması, müəllimlər üçün maddi və sosial dəstək mexanizmlərinin yaradılması, həmçinin kişilərin pedaqoji təhsilə cəlb olunması üçün xüsusi proqramların hazırlanmasıdır. Bu, dövlət üçün çox ciddi məsələdir və ona sadə problem kimi yanaşmaq olmaz. Bu məsələ həll olunmalıdır ki, gələcək nəsillərimiz hərtərəfli formalaşsın".
Fatimə Məmmədova
16:00 30.06.2026
Oxunuş sayı: 56