Kirayə qalanlar bu halda evdən QOVULA BİLƏR - DİQQƏT
Kirayə mənzil bazarında tərəflər arasında yazılı müqavilə bağlanmadan razılaşmaların əldə olunması hələ də geniş yayılmış hallardandır. Bəzi vətəndaşlar yalnız aylıq ödəniş etməklə mənzildə yaşamağın kifayət etdiyini düşünürlər. Lakin belə yanaşma həm kirayəçi, həm də mənzil sahibi üçün ciddi hüquqi və maliyyə riskləri yarada bilər. Xüsusilə mənzilə və ya əşyalarına zərər dəydikdə tərəflər arasında mübahisələr daha da dərinləşir. Digər tərəfdən, mənzil sahibinin kirayəçinin razılığı olmadan qiyməti artırması və ya evin boşaldılmasını tələb etməsi də problemlərə səbəb ola bilər. Bu baxımdan tərəflərin hüquq və öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Müqavilənin olması həm kirayəçinin, həm də ev sahibinin maraqlarının qorunmasına imkan verir. Sənəddə ödəniş məbləği, müddət, tərəflərin öhdəlikləri və mümkün zərərlə bağlı məsuliyyət kimi məsələlərin dəqiq göstərilməsi gələcək mübahisələrin qarşısını ala bilər. Hüquqi baxımdan düzgün rəsmiləşdirilmiş icarə münasibətləri tərəflər üçün daha təhlükəsiz mühit yaradır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, mənzil icarəyə verilərkən tərəflər arasında mütləq icarə müqaviləsi bağlanmalıdır:
“Mülki qanunvericiliyə əsasən, hər hansı mənzil və ya əmlak icarəyə verilirsə, tərəflər arasında mütləq icarə müqaviləsi bağlanmalıdır. İcarə müqaviləsi notarial qaydada rəsmiləşdirilməli və burada tərəflərin hər birinin öhdəlikləri qeyd olunmalıdır. Tərəflər müqaviləni imzaladıqdan sonra götürdükləri öhdəliklərə uyğun məsuliyyət daşıyırlar. Bəzi hallarda mənzil icarəyə verilir, lakin kirayəçi sonradan mənzilin təmirinə və əşyalara zərər vurur, mənzildə su sızması və digər hallar baş verir, dəymiş zərəri isə ödəməkdən yayınır. Digər hallarda isə mənzil sahibləri kirayəçilərə qarşı haqsız tələblər irəli sürür, məsələn, icarə haqqını birdən-birə artırır və ya mənzilin boşaldılmasını tələb edirlər”.

Ekspert qeyd edib ki, lakin icarə müqaviləsi notarial qaydada bağlandıqda tərəflərin öhdəlikləri sənəddə öz əksini tapır: “Bu da tərəflər arasında hüquqi məsuliyyət yaradır. Gələcəkdə tərəflərdən hər hansı biri müqavilənin şərtlərini pozarsa, həmin şəxs pozduğu öhdəliyə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyır”.
Zeynəb Həsən
16:30 15.08.2026
Oxunuş sayı: 47