Rusiya Ukraynanı "küncə sıxır": Kiyev kapitulyasiyaya razı olacaq?
Rusiya-Ukrayna müharibəsində diplomatik ritorika ilə hərbi təhdidlərin paralel şəkildə sərtləşdiyi mərhələ müşahidə olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin Ukraynaya hərbi dəstəyinə cavab olaraq daha sərt metodlardan istifadə ediləcəyini bildirib və Moskvanın Ukraynanı gücləndirən Qərb təchizatını hədəf almağa davam edəcəyini vurğulayıb.
Digər tərəfdən, Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşməyə hazır olduğunu da açıqlayıb. Bu isə Moskvanın bir tərəfdən hərbi təzyiqi artıracağı mesajını verməsi, digər tərəfdən isə danışıqlar kanalını tam bağlamadığını göstərməsi kimi qiymətləndirilir.
Hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında Rusiyanın Ukraynaya qarşı son hava zərbələrini və bundan sonra atacağı mümkün addımları dəyərləndirib.

O, Rusiyanın Ukraynanın hava hücumundan müdafiə sistemlərində yaranan zəiflikdən istifadə edərək zərbələri daha da intensivləşdirə biləcəyini bildirib:
"Rusiyanın daha sərt addımlar atması gözləniləndir. Əvvəla, bu, Ukraynaya olan cavabdır. Təbii ki, Rusiya bunu cavablandırmalı idi.
Digər tərəfdən, Rusiya indi anlayır ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri zəifləyib. Ukrayna Prezidenti Volodimir Zelenskinin istər ABŞ-yə, istərsə də Avropaya "Patriot" sistemlərinin alınması ilə bağlı müraciətləri hələ ki, cavabsız qalıb. Digər sistemlər verilir, ancaq onlar da "Patriot" kimi effektiv deyil".
Ekspertin sözlərinə görə, Rusiya Ukraynanın hava hücumundan müdafiə imkanlarının zəifləməsindən istifadə edərək hərbi logistika və infrastruktur obyektlərini hədəfə alır:
"Rusiya bu boşluğu görüb, əlbəttə, bu səbəbdən də hava zərbələri endirib. Ukrayna mətbuatının yaydığı məlumatlara görə, son zamanlar demək olar ki, raketlərin əksəriyyəti öz hədəflərinə çatıb. Belə olduğu halda Rusiya bu vəziyyətdən istifadə edərək müharibəyə və yaxud döyüşlərə təsir edən logistika yollarını nəzarətdə saxlamaq, hərbi infrastrukturu sıradan çıxarmaq və mühüm obyektlər, o cümlədən enerji obyektlərini, yanacaqdoldurma məntəqələrini hədəfə almaqla zərbələrini artırır".
Ş.Ramaldanov bildirib ki, Ukrayna rəhbərliyinin hava məkanına və dəniz limanlarına zərbələrin dayandırılması ilə bağlı müraciətləri də Kiyevin mövcud vəziyyətdən narahatlığını göstərir:
"Ona görə də Zelenski məcbur idi ki, Rusiyaya hava məkanında atəşkəs elan edilməsi ilə bağlı müraciət etsin. Hava və dəniz limanlarına zərbə vurmamaqla bağlı müraciətlər olmuşdur. Ancaq bütün bu müraciətlər bir daha onu göstərir ki, Zelenski bununla bağlı narahatdır və müraciətləri də demək olar ki, təmin olunmur. Çünki ABŞ bu məsələyə öz ehtiyacları ilə bağlı cavab verib. Düzdür, indi Zelenskinin anbarlarda olan köhnə sistemləri, o cümlədən "Patriot" raketlərini almaqla bağlı müraciətləri də olub. Hələ bunun hansı formada cavablandırılacağını görəcəyik".
Hərbi ekspert hesab edir ki, Rusiya Ukraynanın hava məkanına nəzarəti gücləndirə biləcəyi təqdirdə həm cəbhə xəttinə, həm logistikaya, həm də mühüm obyektlərə zərbələri artırmağa çalışacaq:
"Əgər Rusiya bu addımı atırsa, əlbəttə, bu, hava məkanı ilə bağlı vəziyyətdən xəbər verir. Belə olduğu halda düşünürəm ki, Rusiya tezliklə Ukraynanın hava məkanına tam şəkildə nəzarət edə bilsə, həm ön cəbhəyə, həm logistikasına, həm də mühüm obyektlərə zərbələr endirməklə Ukraynanı daha da zəiflədə bilər".
Ş.Ramaldanov qarşıdan gələn qışın da Rusiyanın zərbələrinin əsas hədəflərindən biri ilə bağlı ola biləcəyini qeyd edib:
"Digər tərəfdən, qış gəlir. Rusiya atdığı bu addımları və hədəfləri məhz qışın gəlməsi ilə əlaqələndirir. Gələcəkdə bunun qarşısını almaq və Ukraynaya əlavə çətinliklər yaratmaq üçün qaz və digər enerji daşıyıcılarının mənbələrini kəşf edərək onları sıradan çıxarır. Bununla da Ukraynaya nəzarət etmək istəyir".
Ekspert dəniz limanları ilə bağlı vəziyyətə də diqqət çəkərək, bunun Ukraynanın dəniz istiqamətində təzyiq altında qalmasına səbəb olduğunu bildirib:
"Bir aydan çoxdur dəniz limanlarından istifadə edə bilmirlər. Ona görə ki, artıq başqa ölkələrin gəmiləri Ukraynanın dəniz limanlarına girməkdən ehtiyat edirlər. Bu cəhətdən də demək olar ki, Ukraynanın dəniz tərəfindən blokadaya alınması kimi qiymətləndirilə bilər".
Hərbi ekspertin fikrincə, Rusiya beynəlxalq gündəmdə yaranan vəziyyətdən və qarşıdan gələn qışdan istifadə edərək Ukraynaya təzyiqi artırmağa çalışır:
"Hər halda, ABŞ-nin Yaxın Şərqdə başının qarışması, Avropanın isə müəyyən şəkildə ordusunun qurulması və təhlükəsizlik məsələləri ilə məşğul olması fonunda Rusiya bu vəziyyətdən istifadə edərək, bir də qışın gəlməsindən öncə maksimum zərbələr endirməklə Ukraynanı öz şərtləri ilə, kapitulyasiya aktına bərabər şərtlərlə masa arxasına oturtmaq istəyir. Ona görə də bütün bu addımlar buna hesablanıb və düşünürəm ki, yaxın zamanlarda bu zərbələrin daha da intensiv və güclü olması ilə bağlı hələ məlumatlar alacağıq".
Nigar Xəlilli
19:00 15.08.2026
Oxunuş sayı: 53