Antibiotik qəbulu zamanı niyə spirtli içki içmək olmaz?
Antibiotik müalicəsi zamanı spirtli içkidən uzaq durmaq həkimlərin tez-tez etdiyi xəbərdarlıqlardandır. Səbəb yalnız dərmanın təsirinin zəifləməsi deyil. Alkoqol bəzi antibiotiklərlə qarşılıqlı təsirə girərək ürəkbulanma, qusma, başgicəllənmə, halsızlıq və digər arzuolunmaz reaksiyaların yaranma ehtimalını artıra bilər.
Lakin “antibiotik qəbul edən hər kəs üçün alkoqol tamamilə qadağandır” yanaşması bütün preparatlara eyni şəkildə aid deyil. Bəzi antibiotiklər alkoqolla daha ciddi qarşılıqlı təsir göstərə bildiyi halda, digərlərində belə təsir müşahidə olunmur. Buna görə də antibiotikin tərkibi və konkret preparatın xüsusiyyətləri nəzərə alınmalıdır.
Həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında antibiotiklərin spirtli içkilərlə birlikdə qəbulunun yarada biləcəyi fəsadlardan danışıb.

O, müxtəlif antibiotik qruplarının alkoqolla qarşılıqlı təsirinin fərqli olduğunu və bəzi hallarda ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib:
"Müxtəlif qrup antibiotiklər mövcuddur. Bəzi antibiotiklər çox təhlükəlidir. Bəzi antibiotiklərin qəbulu zamanı eyni zamanda alkoqol qəbulu, təbii ki, təhlükəli hallar yarada bilər. Bu cümlədən metronidazol, trixopol, sefalosporinlər. Bu qrup antibiotiklərin qəbulu zamanı yanaşı alkoqol qəbulu çox ciddi fəsadlara gətirib çıxara bilər. Təkcə ürəkbulanma, qusma, halsızlıq, başgicəllənmə deyil, təzyiqin kəskin düşüb-enməsinə, ürək-qan dövranı və tənəffüs sisteminin fəaliyyətinin zəifləməsinə də gətirib çıxara bilər".
O, qeyd edib ki, bütün antibiotiklərin alkoqolla birlikdə qəbulu eyni dərəcədə ağır fəsadlara səbəb olmaya bilər. Bununla belə, antibiotik müalicəsi zamanı spirtli içkilərdən uzaq durmağın daha doğru yanaşma olduğunu vurğulayıb:
"Amma bəzi antibiotiklər var ki, onlar alkoqol qəbulu zamanı ciddi fəsadlar törətməyə bilər. Ola bilər, yan təsirləri olsun. Misal üçün, "Amoksiklav", yəni "Auqmenti"n dediyimiz antibiotik var ki, biz həkimlər onu müxtəlif iltihabi xəstəliklərdə, bronxit və yaxud bronxial infeksiyalarda tez-tez yazırıq. Onların, yəni "Amoksiklav" tərkibli dərmanların antibiotiklərin alkoqolla birgə qəbulu zamanı elə ciddi fəsadlar yaranmır".
Ş.Məmmədov xüsusilə bəzi antibiotik qrupları ilə spirtli içkilərin eyni vaxtda qəbuluna diqqət yetirilməli olduğunu bildirib:
"Yuxarıda sadaladığım "Metronidazol", "Trixopol" və "Sefalosporin" qrupu olan antibiotiklərin qəbulu zamanı alkoqoldann istifadə fəsadlar yarada bilər. Amma dediyim kimi, "Amoksiklav" və yaxud da "Auqmentin" antibiotiki cüzi yan təsirlər verə bilər. İstənilən halda antibiotiklərin qəbulu zamanı alkoqol qəbulu, ümumiyyətlə, düzgün deyil".
Nigar Xəlilli
18:30 15.08.2026
Oxunuş sayı: 43