Sürətli arıqlamaq istəyənlərin diqqətinə - bu qidalardan uzaq durun
Qısa müddətdə çəki atmaq istəyən insanlar bəzən sağlamlıqları üçün ciddi risk yarada biləcək üsullara müraciət edirlər. Xüsusilə sosial şəbəkələrdə geniş yayılan sərt pəhrizlər, uzunmüddətli aclıq, mono pəhrizlər, “detoks” proqramları, arıqlama çayları və müxtəlif preparatlar sürətli nəticə vəd edir. Lakin mütəxəssislər bildirirlər ki, tərəzidə rəqəmin qısa müddətdə azalması hər zaman sağlam və düzgün arıqlama anlamına gəlmir. Belə üsullar zamanı orqanizm yağla yanaşı su və əzələ kütləsini də itirə bilər. Nəticədə halsızlıq, vitamin və mineral çatışmazlığı, maddələr mübadiləsinin yavaşlaması və digər problemlər yarana bilər. Nəzarətsiz istifadə olunan bəzi preparatlar isə ürəkdöyünmə, təzyiq dəyişiklikləri və susuzlaşma kimi fəsadlara səbəb ola bilər. Buna görə də arıqlama prosesində əsas məqsəd mümkün qədər tez çəki itirmək deyil, sağlam və davamlı nəticə əldə etmək olmalıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, arıqlamaq istəyən insanların çox sərt pəhrizlərə, uzunmüddətli aclığa, mono pəhrizlərə, nəzarətsiz arıqlama dərmanlarına və müxtəlif “detoks” proqramlarına müraciət etməsi düzgün yanaşma deyil:

“Arıqlamaq istəyən insanların qısa müddətdə nəticə əldə etmək üçün çox sərt pəhrizlərə, uzunmüddətli aclığa, yalnız bir qida qrupuna əsaslanan “mono pəhrizlərə”, nəzarətsiz arıqlama dərmanlarına və müxtəlif “detoks” proqramlarına müraciət etməsi düzgün yanaşma deyil. Xüsusilə sosial şəbəkələrdə yayılan, elmi əsaslandırılmamış arıqlama çayları, qəhvələri, əlavələri və iştahkəsən preparatlar həkim məsləhəti olmadan istifadə edildikdə ürəkdöyünmə, təzyiq dəyişiklikləri, susuzlaşma, elektrolit pozğunluğu və digər fəsadlara səbəb ola bilər. Sürətli çəki itkisi də hər zaman sağlam arıqlama demək deyil. Qısa müddətdə böyük miqdarda çəki itirildikdə yağla yanaşı əzələ kütləsi və su da itirilə bilər. Bu isə halsızlıq, vitamin-mineral çatışmazlığı, əzələ itkisi, maddələr mübadiləsinin yavaşlaması və öd daşı riskinin artması ilə nəticələnə bilər. Bundan əlavə, çox sərt pəhrizlərdən sonra əvvəlki qidalanmaya qayıtmaq çəkinin sürətlə geri alınmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, sağlam və davamlı arıqlamanın əsas prinsipi fərdi ehtiyaclara uyğun, balanslı və enerji baxımından nəzarətli qidalanmadır: “Rasionda tərəvəz, meyvə, tam taxıllar, keyfiyyətli zülal mənbələri və sağlam yağlar kifayət qədər yer almalı, şəkərli içkilər, yüksək kalorili və ultraemal olunmuş məhsullar məhdudlaşdırılmalıdır. Bununla yanaşı, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və su qəbulu da vacibdir. Ən əsası isə məqsəd yalnız tərəzidəki rəqəmi mümkün qədər tez azaltmaq deyil, əldə olunan çəkini uzun müddət qorumaq olmalıdır. Arıqlama sürəti fərdi xüsusiyyətlərdən asılıdır və xroniki xəstəliyi, hormonal problemi və ya dərman istifadəsi olan şəxslər arıqlama proqramına başlamazdan əvvəl həkim və qidalanma mütəxəssisi ilə məsləhətləşməlidirlər”.
Zeynəb Həsən
20:50 15.08.2026
Oxunuş sayı: 47