Artıq ölülər basdırılmır, ağaca çevrilir
Xaricdə insan öldükdən sonra cəsədin xüsusi kapsul formasında torpağa yerləşdirilməsi və həmin kapsuldan ağac yetişdirilməsi ilə bağlı yeni dəfn üsulları müzakirə olunur. Bu yanaşmanın əsas məqsədi vəfat edən şəxsin xatirəsini yaşatmaqla yanaşı, təbiətə də fayda verməkdir. Belə üsullar bəzi ölkələrdə ənənəvi dəfn mərasimlərinə alternativ kimi təqdim edilir. Lakin fərqli dini inanclara malik cəmiyyətlərdə bu cür dəfn üsullarının dini baxımdan uyğunluğu sual doğurur. Xüsusilə İslamda meyitə münasibət və dəfn qaydaları müəyyən dini prinsiplərlə tənzimlənir. Bəs cəsədin kapsula çevrilərək ağac yetişdirilməsində istifadə olunması İslam baxımından necə qiymətləndirilir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında ilahiyyatçı Fazil Əhmədli bildirib ki, İslamda dünyasını dəyişən şəxsin meyitinə hörmət xüsusi əhəmiyyət daşıyır:
“Ümumiyyətlə, müsəlman cəmiyyətində və İslam qaydalarına görə, bir şəxs dünyasını dəyişibsə, onun meyiti hörmətli sayılır. Meyitin xüsusi şəkildə yuyulması, kəfənlənməsi və dəfn edilməsi müsəlman meyitinə göstərilən hörmətin əlamətləridir. Bu qaydaların mərhumun axirət həyatı baxımından birbaşa rolu olmasa da, müsəlman meyitinə hörmət baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəzi hallarda isə meyitdən müxtəlif məqsədlərlə istifadə edilməsi İslam baxımından meyitə hörmətsizlik hesab oluna bilər. İslam alimləri və fəqihlər bir sıra hökmlərdə meyitə hörmətsizlik məsələsini əsas meyarlardan biri kimi nəzərə alırlar. Məsələn, meyitin bədən orqanlarının başqasına hədiyyə edilməsi məsələsində, əgər bu proses meyitə hörmətsizlik və onun bədəninin pis vəziyyətə salınması ilə nəticələnirsə, buna icazə verilmir. Hətta şəxs sağlığında öz bədən orqanlarından hər hansı birinin başqasına verilməsinə vəsiyyət etsə belə, bu, meyitə hörmətsizlik edilməməsi şərti ilə mümkün ola bilər.
Bunları ona görə qeyd edirəm ki, İslam maarifində meyitə hörmətin qorunması vacib xarakter daşıyır. Məhz bu mövzuya gəldikdə isə, əgər meyitin hər hansı bədən orqanından nümunə, yaxud qanından və ya bədən mayesindən müəyyən miqdarda götürülərək bir ağacın və ya bitkinin yetişdirilməsində istifadə olunursa, burada problem yoxdur. Lakin bütövlükdə meyitin bu məqsədlə istifadə edilməsi İslam baxımından problemlidir.
Çünki dəfnin, qəbrin qazılmasının və meyitin qəbrə yerləşdirilməsinin xüsusi qaydaları var və bunlar vacib xarakter daşıyır. Bu qaydalar müstəhəb xarakterli deyil ki, onlarda dəyişiklik etmək mümkün olsun. Bu məsələdə məzhəb fərqi də yoxdur”.

İlahiyyatçı qeyd edib ki, islamda dəfn qaydaları meyitin bədənindən bu formada istifadə edilməsinə yol vermir:
“Biz xaricdə tətbiq olunan bu cür yanaşmalara öz yerində hörmətlə yanaşırıq. İnsanların fərqli dəfn qaydalarından istifadə etməsinə və fərqli düşüncələrə hörmətlə yanaşmaq mümkündür. Amma İslami qaydaların bəzi məsələlərdə qəti olması onların Azərbaycanda da tətbiq edilməsinə imkan vermir. Meyitin qanından və ya bədən mayesindən müəyyən nümunə götürülərək hansısa bitkinin və ya ağacın kökünə əlavə edilməsi, mərhumun xatirəsinin yaşadılması məqsədi daşıyırsa, İslam baxımından problem hesab edilmir. Amma bütövlükdə cəsəddən bu formada istifadə edilməsi həm qəbirə, həm də meyitə müdaxilə sayılır. Bu isə İslam maarifi baxımından və fəqihlərin yanaşmasına görə qadağan hesab olunur”.
Zeynəb Həsən
17:00 15.08.2026
Oxunuş sayı: 45