Yaponiya-ABŞ ittifaqı nə vəd edir?
Yaponiya ilə ABŞ arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi Şərqi Asiyada onsuz da həssas olan hərbi-siyasi balansı yenidən gündəmə gətirib. Tokio müdafiə imkanlarını genişləndirir və ABŞ-lə hərbi koordinasiyanı dərinləşdirir. Yaponiyanın 2026-cı il müdafiə sənədində Çin və Şimali Koreyadan qaynaqlanan risklərə xüsusi diqqət yetirilməsi də bu siyasətin əsas istiqamətlərini göstərir.
Bu prosesə Pekin və Pxenyanın reaksiyası isə gərginliyin yalnız Yaponiya-ABŞ münasibətləri çərçivəsində qalmadığını göstərir. Şimali Koreya Tokionun hərbi imkanlarının genişləndirilməsini və ABŞ-lə təhlükəsizlik əməkdaşlığını tənqid edir, ABŞ-Yaponiya-Cənubi Koreya əməkdaşlığının dərinləşməsini isə təhlükə kimi qiymətləndirir. Belə şəraitdə Yaponiya-ABŞ ittifaqının güclənməsi regionda çəkindiriciliyi artırmaqla yanaşı, yeni qarşıdurma xəttinin formalaşması riskini də gündəmə gətirir.
Siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a açıqlamasında Yaponiya ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsinin Asiya-Sakit okean regionunda yaratdığı geosiyasi nəticələrdən danışıb.

O, iki ölkə arasında hərbi-strateji tərəfdaşlığın güclənməsinin bir tərəfdən çəkindiricilik imkanlarını artırdığını, digər tərəfdən isə regionda qarşıdurma və silahlanma risklərini yüksəltdiyini bildirib:
"Yaponiya ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə keçməsi Asiya-Sakit okean regionunun geosiyasi xəritəsini yenidən şəkilləndirən əsas amillərdəndir. İttifaqın güclənməsi bir tərəfdən çəkindiricilik potensialını artırsa da, digər tərəfdən qarşı tərəf bloklarının cavab addımlarını tətikləyərək regionda yeni və daha kəskin qarşıdurma xətlərinin formalaşması riskini reallığa çevirir.
Yaponiya və ABŞ hərbi-strateji tərəfdaşlığının dərinləşməsi, xüsusilə Çin və Şimali Koreya tərəfindən birbaşa "mühasirəyəalma" və təhlükəsizlik təhdidi kimi qiymətləndirilir".
Siyasi şərhçinin fikrincə, Yaponiyanın müdafiə siyasətində baş verən dəyişikliklər regionda güc balansına və dövlətlərin təhlükəsizlik yanaşmalarına da təsir göstərir:
"Tokionun tarixi pasifist hərbi doktrinasından uzaqlaşaraq müdafiə büdcəsini artırması və əks-zərbə imkanları əldə etməsi Pekin, Pxenyan və Moskva oxunda daha sıx koordinasiyanı stimullaşdırır. Yaranmış vəziyyət regionda klassik təhlükəsizlik paradoksu yaradaraq silahlanma yarışını sürətləndirir və bloklaşma meyillərini dərinləşdirir".
N.Allahverdiyeva qeyd edib ki, Yaponiya və ABŞ-nin mövqeləri ilə Çin və digər regional aktorların yanaşmaları arasında yaranan fərqlər Asiya-Sakit okean regionunda gərginliyin artmasına səbəb ola bilər:
"Qlobal siyasi liderlərin və strateglərin şərhləri də bu tendensiyanı təsdiqləyir; Çin rəhbərliyi Yaponiyanın hərbi aktivliyini regionda sülhə təhdid kimi dəyərləndirdiyi halda, Vaşinqton və Tokio bu addımları azad və açıq Hind-Sakit okean konseptinin təminatı kimi təqdim edir. Henry Kissinger kimi görkəmli diplomatiya xadimlərinin də vaxtilə qeyd etdiyi kimi, Yaponiyanın yenidən hərbi baxımdan güclənməsi Asiyada güc balansını kökündən dəyişən və kənar aktyorların manevr imkanlarını yenidən hesablamalı olduğu dönüş nöqtəsidir".
Siyasi şərhçi hesab edir ki, Yaponiya-ABŞ ittifaqının möhkəmlənməsi regionda sabitliyi təmin etməklə yanaşı, qarşılıqlı etimadsızlığın da dərinləşməsinə səbəb ola bilər:
"Bir sözlə, Yaponiya-ABŞ ittifaqının möhkəmlənməsi regionda uzunmüddətli sabitlik zəmanəti yaratmaqdan daha çox, tərəflər arasında qarşılıqlı etimadsızlığı dərinləşdirir. Tayvan boğazı və Cənubi Çin dənizi kimi həssas nöqtələrdə eskalasiya riskini artıran bu proses Asiya-Sakit okean hövzəsində iki əsas hərbi-siyasi qütbün üz-üzə gəldiyi yeni qarşıdurma xəttini artıq formalaşdırmış hesab oluna bilər".
Nigar Xəlilli
20:00 15.08.2026
Oxunuş sayı: 55