Yəməndə Taiz və Lahic cəbhələrində döyüşlər güclənib
Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında Taiz, Lahic və Babülməndəb boğazı ətrafındakı cəbhələrdə toqquşmalar şiddətlənib.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, Taizin əl-Vaziyə rayonunda, Lahicdəki Səbihə cəbhəsində və Babülməndəb yaxınlığındakı Kahbub bölgəsində döyüşlər baş verib. Husilərin bəzi ərazilərə əlavə qüvvələr göndərdiyi bildirilib.
Lahicin Səbihə bölgəsində husilərin bəzi mövqelərə hücumlarının hökumət qüvvələri tərəfindən dəf edildiyi və qarşıdurmaların davam etdiyi qeyd olunub.
Taizdəki hərbi mənbələr şəhərin şərqində husilərə aid olduğu bildirilən düşərgə və istehkam bölməsinin yerləşdiyi əraziyə 5 hava zərbəsi endirildiyini açıqlayıb. Əl-Kədha cəbhəsində isə husilərə məxsus pilotsuz uçuş aparatının vurulduğu bildirilib.
Kahbub cəbhəsində hökumət qüvvələrinin tərkibində döyüşən Amalika qüvvələrinin husilərə məxsus 2 avtomobili məhv etdiyi qeyd olunub.
Yəmən ordusu isə son 72 saat ərzində husilərin mövqelərinə 756 əməliyyat keçirildiyini açıqlayıb. Ordunun məlumatına görə, bu əməliyyatlar nəticəsində 2 316 husinin öldüyü və ya yaralandığı, həmçinin pilotsuz uçuş aparatları və raketlərin idarə olunması üzrə ixtisaslaşmış 4 iranlı mütəxəssisin öldürüldüyü iddia edilir. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
21:05 29.09.2026
Oxunuş sayı: 37