Şimali Koreya-Rusiya əməkdaşlığı müharibədə yeni CƏBHƏ AÇACAQ
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi Rusiya-Ukrayna müharibəsi fonunda diqqət çəkən məsələlərdən biridir. Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın genişlənməsi və Şimali Koreya hərbçilərinin Rusiyanın tərəfində müharibədə iştirak etməsi regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı müzakirələri də artırıb. Bu əməkdaşlığın Rusiya ilə Şimali Koreya arasında imzalanmış razılaşmalar çərçivəsində həyata keçirildiyi bildirilir. Eyni zamanda, Şimali Koreya hərbçilərinin müharibədə iştirakı Ukraynanın Pxenyana qarşı mümkün addımları ilə bağlı suallar doğurur. Lakin iki ölkə arasındakı böyük coğrafi məsafə və mövcud hərbi-siyasi vəziyyət Ukraynanın birbaşa Şimali Koreyaya qarşı hər hansı addım atmasının mümkünlüyü məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlamasında bildirib ki, Şimali Koreyanın Rusiyaya dəstəyi Rusiya ilə Şimali Koreya arasında bağlanmış razılaşma ilə bağlıdır:

“Şimali Koreya məsələsi Rusiya ilə Şimali Koreya arasında bağlanmış hansısa bir protokol və ya müqavilə ilə bağlıdır. Yəni Rusiya buna görə çox böyük ehtimalla Şimali Koreyadakı rejimə külli miqdarda pul ödəyir. Şimali Koreyadakı rejim elə bir rejimdir ki, hər hansısa bir, zatən oradan danışmağa, əlavə nəyisə, bir şeyi izah etməyə dəyməz. O ki qaldı Ukraynanın Şimali Koreyaya qarşı hər hansı addım atmasına, bu sualınız da qəribədir. Çünki ən azı xəritədən baxsanız görərsiniz ki, Ukraynanın Şimali Koreyaya qarşı hər hansı bir addım atması indiki halda nə texnoloji cəhətdən mümkündür, nə də başqa bir cəhətdən. Əgər Ukrayna bir şey etmək istəyərsə, onu Cənubi Koreya vasitəsilə həll edə bilər. Cənubi Koreya da təxminən 1953-cü ildən bu yana Şimali Koreya ilə qarşıdurma şəraitində olsa da, tərəflər arasında birbaşa müharibə yoxdur. Bəli, bu iki eyni dildə danışan dövlət hələ ki, bir-birinə qarşı hərbi addım atmır. Ona görə də belə bir şey nə yaxın, nə də uzaq perspektivdə mümkün görünmür. Yəni əslində orada vuruşan Şimali Koreya əsgərləri olsa da, əslində orada vuruşan yenə də Rusiyanın özüdür”.
Nuray Mehtiyeva
19:50 29.09.2026
Oxunuş sayı: 46