Putin Çində nüvə çantasını niyə nümayiş etdirdi? - İlginc səbəb
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı özü ilə strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan nüvə çantasını aparması beynəlxalq diqqət çəkən məqamlardan birinə çevrilib. Bu detal Moskva və Pekin arasında keçirilən mühüm görüşün geosiyasi əhəmiyyətini daha da artırıb. Xüsusilə dünyada hərbi-siyasi gərginliyin artdığı, nüvə təhlükəsizliyi və qlobal güc balansının müzakirə olunduğu bir dövrdə Putinin bu addımı müxtəlif mesajlar kontekstində qiymətləndirilir.
Bəs Putin bu mühüm səfərə nüvə çantası ilə getməklə dünyaya, xüsusilə Qərbə hansı mesajları vermək istəyirdi? Bu addım Rusiyanın hərbi gücünü və nüvə potensialını nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Aytən Qurbanova qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı strateji nüvə qüvvələrinin idarə olunması üçün nəzərdə tutulan “Çeqet” nüvə çantası ilə görüntülənməsi sadəcə təhlükəsizlik protokolu deyil, beynəlxalq siyasi kontekstdə xüsusi məna daşıyan hadisədir: “Xüsusilə də, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Szinpinlə eyni platformada görüş ərəfəsində bu görüntülərin Rusiya dövlət televiziyası tərəfindən nümayiş etdirilməsi Moskvanın hansı siyasi mesajı ön plana çıxarmaq istədiyi barədə ciddi müzakirələrə əsas yaradıb. İlk növbədə onu qeyd etmək lazımdır ki, nüvə çantasının funksiyası düzgün qiymətləndirilməlidir. “Çeqet” Rusiya prezidentinin strateji nüvə qüvvələrinin komanda-idarəetmə sistemi ilə əlaqəsini təmin edən vasitədir. O özlüyündə nüvə raketlərini işə salan mexanizm deyil, lakin nüvə silahından istifadə ilə bağlı qərarın ötürülməsində mühüm rol oynayır. Bu sistemin prezidentlə birlikdə xarici səfərlərdə olması təhlükəsizlik prosedurunun tərkib hissəsidir. Ancaq bu dəfə əsas diqqət onun aparılmasına deyil, məhz ictimaiyyətə nümayiş etdirilməsinə yönəlməlidir. Moskvanın əsas mesajı Rusiyanın beynəlxalq münasibətlər sistemində hərbi-strateji çəkisinin hələ də nəzərə alınmalı olduğunu göstərməkdir”.

Politoloq qeyd edib ki, Ukrayna müharibəsi, Qərbin sanksiya siyasəti və NATO ilə qarşıdurma fonunda Rusiya iqtisadi və diplomatik təzyiqlərlə üzləşsə də, nüvə arsenalı onun qlobal güc statusunu qoruyan əsas amillərdən biri olaraq qalır: “Putin bununla göstərməyə çalışır ki, Rusiyanın beynəlxalq proseslərdəki mövqeyini yalnız iqtisadi göstəricilər və ya regional təsir imkanları ilə ölçmək mümkün deyil. Nüvə potensialı Moskvanın strateji çəkindirmə imkanlarını və böyük güclərlə danışıqlardakı mövqeyini müəyyən edən mühüm resursdur. Digər tərəfdən isə bu nümayişi ABŞ-yə ünvanlanan siyasi mesaj kimi də şərh etmək mümkündür. Vaşinqtonun Rusiya ilə münasibətlərində təhlükəsizlik, Ukrayna müharibəsi və silahlanmaya nəzarət məsələləri ön plandadır. Belə bir şəraitdə Putin nüvə amilini gündəmdə saxlamaqla Moskva ilə aparılan danışıqların yalnız Ukrayna münaqişəsi ilə məhdudlaşmamalı, daha geniş təhlükəsizlik məsələlərini də əhatə etməli olduğu mövqeyini nümayiş etdirir. Bu həm də Rusiyanın özünü beynəlxalq təhlükəsizlik sisteminin kənarında deyil, onun əsas iştirakçılarından biri kimi təqdim etmək cəhdidir. Çin amili isə hadisəyə əlavə geosiyasi məna verir. Pekinlə Moskva arasında münasibətlərin dərinləşməsi, xüsusilə Qərblə rəqabətin gücləndiyi bir dövrdə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Çin Rusiyanın xarici siyasətinin davamı deyil və özünün müstəqil geosiyasi maraqlarına əsaslanır. Pekin üçün əsas məsələ ABŞ ilə rəqabətdə mövqelərini gücləndirmək, Rusiya ilə tərəfdaşlığı qorumaq və eyni zamanda qlobal iqtisadi sistemdəki imkanlarını məhdudlaşdıracaq qarşıdurmadan yayınmaqdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Putinin nüvə çantasının nümayişi Çinə təzyiqdən daha çox Moskvanın öz gücünü və danışıqlardakı çəkisini göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Diqqətçəkən məqam isə odur ki, nüvə potensialının nümayişindən sonra ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da keçirilən üçtərəfli görüşündə nüvə risklərinin azaldılması və yayılmanın qarşısının alınması məsələsi də müzakirə olunub. Tərəflər nüvə müharibəsinin qarşısının alınması və strateji sabitliyin qorunması istiqamətində dialoqu davam etdirmək barədə razılığa gəliblər. Lakin bu razılaşmanı konkret silahlanmaya nəzarət sazişi və ya əldə olunmuş böyük diplomatik nəticə kimi qiymətləndirmək doğru olmaz. Çünki əsas ziddiyyətlər, o cümlədən nüvə silahlarının məhdudlaşdırılması və təhlükəsizlik təminatları məsələləri hələ də açıq olaraq qalır. Əslində burada müasir beynəlxalq münasibətlərin mühüm ziddiyyəti bir daha nümayiş etdirilmiş olur. Belə ki, böyük dövlətlər bir tərəfdən nüvə risklərini azaltmaq barədə danışır, digər tərəfdən isə hərbi-strateji imkanlarını siyasi təsir vasitəsi kimi nümayiş etdirirlər. Nüvə çəkindirməsi qarşı tərəfi birbaşa hərbi müdaxilədən çəkindirmək məqsədi daşısa da, onun siyasi ritorikada həddindən artıq qabardılması qarşılıqlı etimadı zəiflədir və yanlış hesablamalar riskini artırır. Nəticə etibarilə, Putinin nüvə çantası ilə Çin səfərini nüvə silahından istifadə niyyətinin göstəricisi kimi deyil, Rusiyanın dəyişən dünya nizamında öz strateji mövqeyini qorumaq və böyük güc statusunu nümayiş etdirmək cəhdi kimi dəyərləndirmək daha əsaslıdır. Bu hadisənin əsas siyasi mənası da nüvə silahının tətbiqindən daha çox onun yaratdığı çəkindirmə imkanlarının diplomatik təsir vasitəsinə çevrilməsidir. Onu da unutmamaq lazımdır ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü yalnız nüvə arsenalı ilə ölçülmür. İqtisadi dayanıqlılıq, texnoloji inkişaf, müttəfiqlik münasibətləri və diplomatik imkanlar da qlobal güc balansının müəyyənləşməsində həlledici rol oynayır”.
Ayhan
12:30 20.11.2026
Oxunuş sayı: 524