Üç lider masaya oturdu: Kimin əli daha güclüdür?
Çin, Rusiya və ABŞ liderləri – Si Cinpin, Vladimir Putin və Donald Tramp arasında keçirilən görüş beynəlxalq münasibətlər sistemində diqqət çəkən hadisələrdən biridir. Görüşün geosiyasi əhəmiyyəti və mümkün nəticələri ilə bağlı müxtəlif mülahizələr səsləndirilir. Bəzi yanaşmalarda bu təmas hətta Yalta konfransı ilə müqayisə edilir və üç böyük gücün dünyanı yenidən bölüşdürmək məqsədilə bir araya gəldiyi iddia olunur.
Lakin bu dövlətlərin hər birinin fərqli siyasi, iqtisadi və strateji maraqları olduğu nəzərə alınarsa, belə bir yanaşmanın nə dərəcədə əsaslı olduğu sual doğurur. Digər tərəfdən, görüşün Ukrayna müharibəsi, ABŞ-Çin münasibətləri və qlobal təhlükəsizlik məsələlərinə mümkün təsirləri də maraq doğurur.
Görüşün beynəlxalq gərginliyin azaldılmasına və münaqişələrin həllinə töhfə verməsi mümkündürmü, yoxsa tərəflər arasında fikir ayrılıqları bundan sonra da qlobal siyasi proseslərə təsir göstərəcək?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli qeyd edib ki, bu üç dövlət liderinin görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir: “Hətta bəzi dairələr bu görüşü Yalta konfransının nəticələri ilə müqayisə etməyə çalışırlar. Hesab edirəm ki, bu, tamamilə yersiz yanaşmadır. Çünki hazırkı dövrdə Çin, Rusiya və ABŞ liderlərinin – Si Cinpin, Vladimir Putin və Donald Trampın görüşü dünyanı yenidən bölüşdürmək məqsədi daşımır. Bunun əsas səbəbi hər üç dövlətin fərqli siyasi, geosiyasi və iqtisadi maraqlara malik olmasıdır. Rusiyanın əsas məqsədi Ukrayna məsələsində müəyyən mənada bu dövlətlərin dəstəyini əldə etməkdir. Lakin bunun reallaşması kifayət qədər çətin görünür. Trampın yanaşması isə Rusiyanın Çinə təsir imkanlarından istifadə etməklə Pekinə təzyiq göstərmək və öz mövqeyini gücləndirməkdir. Görünür, Putinin bu prosesə cəlb olunmasının səbəblərindən biri də məhz Rusiyanın Çinlə münasibətlərdəki təsir imkanlarıdır”.

Professor qeyd edib ki, Si Cinpinin mövqeyi isə həm Trampın, həm də Putinin mövqeyindən müəyyən mənada fərqlənir: “Çin lideri hazırkı şəraitdə daha əlverişli geosiyasi mövqedədir. Trampın ölkədaxili siyasi vəziyyəti, Konqres üzərində nəzarətlə bağlı problemləri və daxili siyasi mübarizədə üzləşdiyi çətinliklər onun mövqeyini mürəkkəbləşdirir. Görüşün gedişində də liderlər arasında münasibətlərin xarakteri müəyyən mənada özünü göstərdi. Tramp Putinlə təmtəraqlı şəkildə görüşsə də, Çin liderinin yanaşması və davranışı fərqli idi. Ümumilikdə, aparılan təhlillər göstərir ki, bu üç dövlətin siyasi, regional, qlobal və iqtisadi maraqları dünyanı yenidən bölüşdürmək məsələsində ortaq mövqedən çıxış etmələrinə imkan vermir. Hesab edirəm ki, Si Cinpin hər iki liderlə müqayisədə daha əlverişli mövqedədir və mövcud geosiyasi şəraitdən öz maraqları naminə istifadə etməyə çalışır. Bu baxımdan, Çin liderinin görüşdəki əsas məqsədi vahid mövqe formalaşdırmaqdan daha çox, öz ölkəsinin mövqeyini qorumaq və gücləndirmək olub”.
Ayhan
16:40 20.11.2026
Oxunuş sayı: 101