Tramp “America.gov” platformasını təqdim edib
ABŞ Prezidenti Donald Tramp vətəndaşların dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədi daşıyan “America.gov” platformasını təqdim edib.
Crossmedia.az xəbər verir ki, Tramp platformanın təqdimatı ilə bağlı Vaşinqtonda yerləşən Endryu U. Mellon Auditoriyasında keçirilən tədbirdə çıxış edib.
ABŞ Prezidenti bildirib ki, “America.gov” sadəcə internet saytı deyil, hökumətin XXI əsr və sonrakı dövr üçün yenidən qurulmasını nəzərdə tutan təşəbbüsdür.
Tramp çıxışında Vaşinqton bürokratiyasının getdikcə daha mürəkkəb və müdaxiləçi xarakter aldığını deyib. O, dövlət xidmətlərinin vətəndaşlar üçün daha sadə, sürətli və əlçatan olması lazım olduğunu vurğulayıb.
“America.gov” vasitəsilə vətəndaşların minlərlə internet saytı, qayda və forma arasında axtarış aparmadan dövlət xidmətlərinə vahid platformadan çıxış əldə edəcəyi bildirilib.
Trampın sözlərinə görə, istifadəçilər platforma üzərindən müxtəlif suallar verərək aktual cavablar ala biləcəklər. O, həmçinin Grok, Gemini və ChatGPT kimi süni intellekt sistemlərindən istifadə edən şəxslərin platformadan necə yararlanmağı asanlıqla başa düşəcəyini qeyd edib.
Tədbirdə Tramp “America.gov vasitəsilə hökumət xidmətlərinə çıxışın asanlaşdırılması” adlı sənədi də imzalayıb. Sənədə əsasən, federal qurumların əhaliyə göstərdiyi xidmətlərin mümkün qədər qısa müddətdə “America.gov” platformasına inteqrasiya edilməsi nəzərdə tutulur.
Ağ Evin məlumatına görə, platforma vətəndaşlara vahid giriş nöqtəsindən federal hökumətin müxtəlif xidmətlərindən istifadə etmək imkanı verəcək.
İlin sonrakı aylarında pasportun yenilənməsi və Medicare proqramına qeydiyyat kimi xidmətlərin də “America.gov” üzərindən həyata keçirilməsi planlaşdırılır. Federal qurumlar platformaya qoşulduqca təqdim olunan xidmətlərin sayının artırılacağı bildirilib.
03:49 30.09.2026
Oxunuş sayı: 49