100 ilin görüşü baş tutacaq - Rusiya, ABŞ, Çin bir masada
Rusiya, ABŞ və Çin liderlərinin APEC çərçivəsində mümkün üçtərəfli görüşünün gündəmə gəlməsi dünya siyasətində mühüm diplomatik təşəbbüs kimi diqqət çəkir. Vladimir Putin və Donald Tramp arasında telefon danışığında müzakirə olunan bu təklifin noyabrda Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində reallaşması ehtimal olunur. Moskva belə bir görüşü istisna etməsə də, onun keçirilməsi üçün gündəlik və gözlənilən nəticələrin əvvəlcədən razılaşdırılmasının vacibliyini bildirir.
Politoloq Aydın Quliyev ABŞ, Rusiya və Çin rəhbərlərinin mümkün üçtərəfli görüşü ilə bağlı ideyanın özü-özlüyündə diqqətçəkən olduğunu Crossmedia.az-a açıqlamasında bildirib: “Əgər həqiqətən belə bir sammitin keçirilməsi müzakirə olunubsa, bu, çox maraqlı faktdır. Faktın maraqlı olması onun mümkün nəticələrindən daha çox, belə bir ideyanın tarixdə ilk dəfə gündəmə gəlməsi ilə bağlıdır. Xüsusilə İkinci Dünya müharibəsindən sonrakı dövr nəzərə alınmaqla, son 100 il ərzində ABŞ, Rusiya və Çin rəhbərlərinin üçtərəfli görüş formatında bir araya gəlməsi baş verməyib. Bu baxımdan, belə bir görüş ideyası kifayət qədər diqqətçəkəndir”.

Politoloqun sözlərinə görə, görüşün ciddi nəticələr doğuracağına dair gözləntilər yüksək deyil: “Müəyyən gərginliklər və münaqişələr ətrafında atmosfer dəyişə bilər. Məsələn, görüşdən sonra Tayvan ətrafındakı gərginlik müəyyən qədər səngiyə, İran ətrafında yaranmış gərginlik isə müvəqqəti olaraq azala bilər. Lakin Ukrayna kimi bir münaqişənin hətta nəzərəçarpacaq dərəcədə səngidilməsinin belə bu görüşün nəticəsi olaraq baş verməsi az ehtimal olunur. Bunun əsas səbəblərindən biri Ukrayna müharibəsində əsas hərbi-siyasi qüvvələrdən biri olan Avropanın bu görüşdə təmsil olunmamasıdır”.
Aydın Quliyev qeyd edib ki, formatın genişləndirilməsi müəyyən nəticələrin əldə olunmasına imkan yarada bilər: “Əgər ilk üçtərəfli görüşdən sonra bu formatda müəyyən təkmilləşmələr aparılarsa, Avropa da prosesə cəlb olunarsa, həmçinin dünyanın digər regional aktorları və ya BMT kimi qlobal təşkilatın rəhbəri bu formata daxil edilərsə, o zaman müəyyən dəyişikliklərdən danışmaq mümkündür. Lakin yalnız ABŞ, Rusiya və Çin arasında keçiriləcək üçtərəfli görüşün, xüsusilə də ilkin mərhələdə, həlledici nəticələr yaradacağı o qədər də inandırıcı görünmür. Bununla belə, bu, maraqlı format və maraqlı ideyadır”.
Nigar Xəlilli
15:00 10.09.2026
Oxunuş sayı: 47