Mübariz Ağalarlı: “Azərbaycançılıq məfkurəsi bizim dünənimiz, bu günümüz və sabahımızdır…”
Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını, milli kimliyini, dövlətçilik ənənələrini və gələcəyə dair strateji hədəflərini özündə birləşdirən fundamental ideoloji dəyərlər sistemidir. Tarixin müxtəlif mərhələlərində fərqli siyasi və ictimai sınaqlardan keçən bu məfkurə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni siyasi məzmun qazanmış, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə müstəqil dövlətçiliyin əsas ideoloji dayaqlarından birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasından sonra isə Azərbaycançılıq ideologiyası yeni tarixi mərhələyə qədəm qoyub. Artıq bu məfkurə yalnız milli birliyin qorunması deyil, həm də qalib dövlətin özünəinamının, milli ləyaqətinin, strateji müstəqilliyinin və gələcək inkişafının ideoloji ifadəsi kimi çıxış edir.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosenti Mübariz Ağalarlı azərbaycançılıq ideologiyasının tarixi və bu günü mövzusunda Crossmedia.az-a müsahibə verib:
- Azərbaycançılıq ideologiyası nə zaman formalaşmağa başlayıb?
- İlk növbədə qeyd edək ki, milli məfkurə və ideoloji dəyərlər sisteminin inkişafı və formalaşmasında Vətən, məkan anlayışının böyük rolu vardır. Məhz Azərbaycançılıq ideologiyası bir tərəfdən mənəvi və dini-fəlsəfi mahiyyət daşıyırsa, digər tərəfdən isə etnik, siyasi-coğrafi məfhumlarla qırılmaz sürətdə bağlıdır. Azərbaycançılıq ideologiyası qədim dövrlərdən başlayaraq günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-psixoloji xüsusiyyətlərini özündə cəmləşdirən və yaşadan baxışlar sistemi kimi yaranmış və formalaşmışdır. Azərbaycançılığın mənşəyi və təşəkkülü üç əsas problemin və onların arasında tarixi-mənəvi münasibətlərin aydnlaşdırılmasını tələb edir. Azərbaycan siyasi coğrafiyası, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi. Tarixi qaynaqlara istinadən qeyd etmək olar ki, bəşəriyyətin digər xalqları kimi Azərbaycan xalqı da Azərbaycan adlı tarixi-siyasi coğrafiyada təşəkkül tapıb və formalaşmışdır. Çoxsaylı mənbələr yerli azərbaycan etnosları əsasında formalaşan xalqımızın yarandığı ərazinin hüdudlarını göstərərkən qeyd edirlər ki, Məmləkəti Azərbaycanın hüdudları - Şimalda Dərbənddən başlayaraq Cənubda Zəncan və yaxud Həmədana qədər, Şərqdə Xəzər dənizindən Qərbdə İrəvan, Tiflis və Urmiya gölünün qərb sahilləri də daxil olmaqla Şərqi Anadolu hüdudları ilə sərhədlənmişdir. Qeyd olunan bu tarixi-siyasi coğrafiya bütün mərhələlərdə təkcə coğrafi vahid kimi mövcud olmamış, eyni zamanda bu hüdudlar daxilində onlarla Azərbaycan dövləti yaranmış və fəaliyyət göstərmişdir. Tarixi prosesin bütün mərhələlərində Azərbaycan ərazisi və əhalisi etnik və dil baxımından türksoylu areala daxil olmuş, istər etno-siyasi. istərsə də dini-fəlsəfi və ədəbi mühitin yaranmasında türk etnosu davamlı olaraq öz aparıcı mövqeyini qoruyub saxlamışdır. Təbii olaraq Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qrupların da ölkəmizdə özünəməxsus dəyərlərə sahib olduğunu və dövlətçiliyimizin inkişafında rolunu qeyd etmək lazımdır.
Azərbaycançılıq məfkurəsinin və ideologiyasının təməl prinsiplərindən biri də dövlətçilik prinsipləri ilə sıx şəkildə əlaqədardır. Qədim zamanlardan başlayaraq Azərbaycanda dövlətçilik ənənələri yaranmış, formalaşmış və bir sistem halına gələrək özünün maddi, mənəvi, dini-fəlsəfi spesifikası ilə seçilmişdir. İstər protoazərbaycan dövründə, istərsə də Azərbaycan adlı tarixi-siyasi coğrafiyanın formalaşması zamanında Azərbaycan siyasi hüdudları daxilində yerli dövlətçilik sistemi mövcud olmuş, dövlətçiliyimizin inkişaf mərhələləri sülaləvi xarakter daşımış, bu sülalələr etno-siyasi və mənəvi varislik prinsiinə əsaslanmışdır. Erkən orta əsrlərdən etibarən Azərbaycan adını daşıyan dövlətçilik mərhələmizdə Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar, Eldənizlər, Qaraqoyunlu – Baharlular, Ağqoyunlu – Bayandurlar, Səfəvi-Qızılbaşlar, Əfşarlar və Qacarlar sülaləsinin hakimiyyəti dövlətçilik tariximizin şanlı səhifələri olmaqla yanaşı, Azərbaycançılıq məfkurəsinin təməl dayaqları rolunda çıxış etmişdir.
Tarixlər boyu Azərbaycanda siyasi hakimiyyət və yaxud müstəqillik və taxt-tac uğrunda mübarizə aparan siyasi şəxsiyyətlər Azərbaycançılıq siyasi təfəkkürünə sahib olaraq bu düşüncəni real gerçəkliyə çevirməyə çalışmışlar. Bunu Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətainin hələ Gülüstan qalasını mühasirədə saxlayarkən, əyan-əşrəfindən "Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxt-tacı?" deməsi də bir daha sübut edir.
Xüsusilə qeyd etmək lazımdır ki, orta əsrlər dövründə hətta təhrifə məruz qalan mənbələrdə belə Azərbaycan dövləti və Azərbaycan hökmdarları haqqında məlumatlar vardır. XVII əsr türk səyyahı Övliyə Çələbi öz “Səyahətnamə”sində ağqoyunlu hökmdarı Uzun Həsəni və qaraqoyunlu hökmdarı Qara Yusifi sülalə mənsubu kimi deyil, Azərbaycan padişahı kimi qeyd etmişdir. Hətta X əsr fars coğrafiya əsəri olan “Hüdud əl aləm” əsərində belə Ərdəbil şəhəri Azərbaycanın paytaxtı, Azərbaycan padşahlarının bu şəhərdə oturduğu qeyd edilir. Bu məlumatlar onu deməyə əsas verir ki, orta əsrlər dövründə Azərbaycan adlı siyasi coğrafiyada bir çox sülalə hakimiyyəti mövcud olmuşdur.
- Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq necə təzahür edirdi?
- XIX əsrin əvvəllərində çar Rusiyası Şimali Azərbaycani işğal etdikdən sonra onun zəngin dövlətçilik ənənələrini unutdurmağa, Azərbaycan xalqinın bütövlüyünü məhv etmayə, Azərbaycan xalqinın müqavimətini qırmağa çalışır, xalqın şüurundan müstəqillik duyğulanını itirmək üçün onun daşıyıcilarının sistemli şəkildə məhvi prosesini həyata keçirirdi.
Hətta Qacarlar dövləti ilə Rusiya arasında imzalanmış Gülüstan və Türkmançay sazişlərində Azərbaycan məmləkətinin adını belə çəkilməmişdir. Çar Rusiyası Azərbaycanın şimalına sahib olduqdan sonra bu diyarın quzeyinə münasibətdə onun tarixi adından imtina edərək buranı Rusiyanın inzibati idarəçiliyinə uyğun şəkildə quberniyalara bölmüşdür. Rusiyanın qeyri-rəsmi sənədlərində, o cümlədən tarixi ədəbiyyatda isə Güney "İran Azərbaycanı" kimi işlədilmiş, Quzey daha çox "Qafqaz Azərbaycanı", bəzi hallarda "Şərqi Zaqafqaziya" adlandırılmışdır. Etnik mə'nada isə "azərbaycanlı" istilahı "türk - tatar", "tatar", "azərbaycanlı-tatar", az hallarda "müsəlman" şəklində işlənmişdir.
Azərbaycanın şimal ərazilərinin çar Rusiyası tərəfindən işğalı xalqımızın siyasi və mənəvi birliyinin pozulması ilə nəticələnsə də, xüsusən ölkənin şimalında mədəniyyətdə, ictimai fikirdə mütərəqqi dəyişikliklərə də səbəb oldu, “biz-onlar” antitezasıın daha da aşkar şəkildə təzahür etməsinə, milli kimliyimizin müəyyənləşməsinə şərait yaratdı. Azərbaycanın çarizm tərəfindən işğal olunmuş hissəsində yaşayan əhali Rusiya imperiyasında yaşayan digər xalqlarıdan fərqli olduğunu anlayır və etnuk fərqliliyini dərk edirdi. M.Ə.Rəsulzadə bununla bağIı qeyd edirdi ki, “rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumları daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar...”.
Əsasını A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi kimi ziyalıların qoyduğu maarifçilik hərəkatı XIX əsrin sonları-XX əsrin əvvəllərində Əli bəy Hüseynzada, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, N.Nərimanoy və başqa ziyalılarıız tərəfindən daha da inkişaf etdirildi. M.F.Axundovla başlayan milli oyanış və yeniləşmə hərəkatı H.B.Zərdabi tərəfindən yeni şəraitə uyğun inkişaf etdirilirdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milliləşmənin ən mühüm təzahürlərindən biri mövcud rejimin bütün qadağalarına rəğmən ictimai fikirdə, mətbuat səhifələrində Azərbavcan millətinin və ərazisinin həqiqi adinın getdikca daha çox işlədilmasi oldu. Getdikcə daha çox ziyalımız Azərbaycan türklərinə münasibətdə işlədilən, bir çox hallarda hətta təhqiramiz, aşağılayıcı məqsədlərlə edilən “tatar”, “müsəlman”, v.s. etnonimlər əvəzinə “Azərbaycan türkləri”, “azərbaycanlılar” terminini işlətməyə başlamışdılar. Eləcə də, mücərrəd “Şərqi Zaqafqaziya” coğrafi termini əvəzinə "Azərbaycan" terminindən daha tez-tez istifadə edilməyə başlanıldı.
Milli düşüncə sahibləri öz yazılarında Qafqazın cənub-şərq hissəsinin Azərbaycan, Qafqaz müsəlmanlarının azərbaycanl-türk, dilinin “Azərbaycan-türk dili” adlanmasını təklif edirdilər.
Kəşkül qəzeti “Sənin milliyyətin nədir? Sualına “Mən müsəlmanam” deyə cavab verənləri kəskin tənqid edərək ilk dəfə olaraq Arazın hər iki sahilindəki əhali üçün Azərbaycan türkləri, Azərbaycanlı ifadəsini işlətməyi təklif edirdi. M. Şahtaxtinski 1891-ci ildə “Kaspi” qəzetində Azərbaycan türklərini tatar adlandıranlara qarşı çıxaraq onlarla Rusiyanın daxili quberniyalarında yaşayan tatarlar arasında dildə, adət-ənənələrdə böyük fərq olduğunu bildirir, Zaqafqaziya müsəlmanlarını öz adları ilə -Azərbaycan türkləri, onların dilini isə Azərbaycan türk dili adlandırmağı tələb edirdi.
Cəmiyyətdə baş verən bu dəyişikliklər nəticəsində Azərbaycanda elmi və fəlsəfi fikir özünün inkişafinda əksər şərq ölkələrini xeyli qabaqlamış, onlarda mədəniyyətin, elmi və ictimai-fəlsəfi fikrin inkişafina böyük təsir göstərmişdir.
Məhz bu amilləri nəzərdə tutaraq M.Ə.Rəsulzadə qeyd edirdi ki, “inkişafa meyilli olduqlarını göstərmək üçün bu kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanhı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə cümhuriyyət elan edən də azərbaycanlıdir”.
Köhnəliklə yeniliyin, M.Ə.Rəsulzadənin təbirincə, hürrəndişlərlə (novatorlarla) mühafizəkarların (konservatorların) mübarizəsi son nəticədə birincilərin qələbəsi ilə başa çatmış, Şərqlə Qərbin sintezinə can atan böyük azərbaycanlı mütəfəkkirlərin sayəsində Azərbaycanda islam ümmətçiliyindən islam millətçiliyinə, daha sonra isə türk millətçiliyinə keçid baş vermişdi.
Azərbaycanda millətləşmə və milli dövlət sisteminə keçid prosesində milli dövlətçiliklə bağlı fərqli ideya və baxışlar olsa da bu dövrdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yeni IV xətt meydana çıxdı. Bu xəttin tərafdarları nə Osmanlı, nə İran, nə rus axınını qəbul etməyərək müstəqil Azərbaycan dövləti ideyasını irəli sürdülər ki, “Azərbaycançılıq” ideyasının əsl mahiyyəti də bundan ibarətdir. “Azərbaycançılıq”, “Azərbaycanlı” ideyası türkçülüyü və islamçılığı inkar etmədən, azərbaycanlı milli mənlik 'şüurunun formalaşmasına xidmət göstərirdi.
Əsas komponentləri etnik-dini mənsubiyyətindən asıli olmayaraq bütün vətəndaşların birliyi, tolerantliq və multikulturalizm olan "Azərbaycançılıq" ideologiyasıın istinad nöqtəsi heç şübhəsiz, güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. "Azərbaycançılıq" ideologiyasının təşəkkül tapmasında, milli dövlətçiliyin inkişafinda 1918-1920-ci illər mühüm mərhələ təşkil edir. Məhz bu illərdə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik milli dövləti yenidən bərpa edilmiş, islam dünyasıda ilk Respublika-Azərbaycan Cümhuriyyəti mövcud olmuşdur. Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı öz tarixində ilk dəfə olaraq dövlət millətinə çevrilmişdi.
İslam dünyasında tarixdə mövcud olmuş bütün dövlətlər, əsasən, dini və ya sülalə zəminində qurulduğu halda, Azərbaycan Cümhuriyyəti İslam coğrafiyasında dünyəvi təməl üzərində qurulan ilk milli dövlət idi. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycan müsəlman aləmində ilk respublika və türk aləmində ilk dövlətdir... Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda Azərbaycan Respublikası müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim respublikamız ilk türk dövlətidir.
Qeyd edək ki, Azərbaycançılığın nəzəri əsasları M.M.Rəsulzadənin yaradıcılığında daha dərindən və hərtərəfli şəkildə əsaslandırılmışdir. O, Cümhuriyyətin süqutundan az sonra qələmə aldığı "Azərbaycan Cümhuriyyəti əsərində Azərbaycan məfkurəsinin əsaslarını daha da inkişaf etdirərək göstərirdi ki, azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə Íslam, mədəniyyəti-əsasiyyə etibarilə şərqlidirlər.
M.Ə. Rəsulzadə sonralar, mühacirət dövründə (1934) qələmə aldığı “Şəfibəyçilik” əsərinə yazdığı “Son söz”də Azərbaycançlią nədir? sualına belə cavab verirdi: Azərbaycançılıą demək, istiqlalçılıq deməkdir. Elə bir istiqlalçıliq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olması məqəsdilə müzəffər yürüşü deməkdir. Azərbaycangıliq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalıı qazanmaq üçün başlanmış şanlı bir mücadilə deməkdir. Azərbaycançılıq eyni zamanda, bir hüriyyət və mədəniyyəl hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlıdır.
Məhəmməd Əmin Rəsulzadə ilk dəfə olaraq “Şəfibəyçilik” əsərində "Azərbaycançılıq” terminini işlətmiş və bu ideyanın siyasi və ideoloji tərəflərini lakonik şəkildə əsaslandırmışdır.
Ümumiyyətlə, Azərbaycan Cümhuriyyəti Azərbaycançılıq məfkurəsinin azərbaycançlıq ideologiyasına transformasiya olunduğu milli dövlət, azərbaycanlı-türk millətinin siyasi və hüquqi müstəvidə fəaliyyət göstərməsi üçün real məkan idi. Cümhuriyyət dövrünün azərbaycanlların tarixi yaddaşıda mühüm yer tutduğunu qeyd edən M.Ə.Rəsulzadə yazırdı ki, Azərbaycan dövri-istiqlalina bolşeviklər “Müsavat dövrü” deyirlər. Fəqət, xalq bu dövrə Azərbaycan dövrü deyir. Xalqın düşüncasində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur”.
1920-ci il aprel ayının 27 də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi təkcə Azərbaycan milli dövlətçiliyinə qarşı təcavüz deyil, eyni zamanda müstəqil dövlətçiliyimizin təməllərini təşkil edən azərbaycançılıq məfkurəsinə qarşı sui-qəsd idi. 70 illik bir dönəmdə azərbaycançılıq ideologiyasının təməllərini təşkil edən, etnik, dini, mədəni, siyasi dəyərlərimizə qarşı həyata keçirilən soyqırımı siyasəti eyni zamanda milli ideologiyamızın məhvinə hesablanmış siyasət idi. Xüsusilə də Bolşevik işğalının ilk illərində Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və Dərələyəz bölgələrinin qəsb edilərək Ermənistana verilməsi bolşevik Rusiyasının Azərbaycana və azərbaycanlılara qarşı misli görünməmiş cinayət aktı idi.
- Azərbaycançılıq ideologiyasının inkişafı və formalaşmasında Ülu Öndər Heydər Əliyevin rolunu necə qiymətləndirirsiniz?
- Azərbaycançılıq ideologiyası XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. XX əsrin ikinci yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmuşdur.
1991-ci ildə dövlət müstəqilliyi bərpa edilsə də, ilk illərdə vahid ideoloji xəttin yoxluğu, etnik separatizm meyilləri, vətəndaş qarşıdurması və Ermənistanın hərbi təcavüzü gənc respublikanı parçalanma həddinə gətirdi. Həmin mərhələdə millətçiliyin etno-mərkəzçi şəkildə təqdim edilməsi polietnik cəmiyyətdə daxili ziddiyyətləri dərinləşdirirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə azərbaycançılıq nəzəri müzakirə mövzusundan çıxarılaraq müstəqil dövlət idarəçiliyinin rəsmi ideoloji doktrinasına çevrildi. Heydər Əliyev modeli ideologiyaya praqmatik, birləşdirici və dövlət maraqlarını əsas götürən funksional məzmun qazandırdı.
Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərmişdir. Bu dövrdə artıq Azərbaycançılığ ideologiyası siyasi və mədəni elitanın düşüncə sərhədlərini aşaraq praktiki olaraq ümumazərbaycan ideologiyasına çevrilmə imkanı əldə etmişdir.
Heydər Əliyev Azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynamışdır. Ümummilli lider haqlı olaraq deyirdi: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır".
Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən Azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulamışdır.
Ümummilli lider Heydər Əliyevin siyasi və mənəvi irsinin davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Azərbaycanda həyata keçirilən sosial-mədəni modernləşmə xəttinin sürətlənməsində və dövlətçilik strategiyasının möhkəmlənməsində Azərbaycançılıq ideologiyasının roluna böyük önəm vermişdir. Məhz bu baxımdan Azərbaycançılıq ideologiyası və dövlətçilik strategiyası məsələlərini hərtərəfli təhlil etmək, Azərbaycanın bu gününü və gələcəyini proqnozlaşdırmaq baxımından vacib amillərdən biridir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarix boyu qazandığı milli-mənəvi dəyərlərin Azərbaycançılıq ideyalarının yaranmasında əvəzsiz roluna xüsusi əhəmiyyət verərək, bu dəyərlərin millililiyin və ümumbəşəriliyin vəhdətindən ibarət olduğunu diqqətə çatdırır: “Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir”.
Azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq deyildir. Eyni zamanda bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, yaşadığın siyasi coğrafiya ilə fəxr etmək, qürur duymaqdır. Ümummilli Liderin dediyi kimi, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”.
- Azərbaycançılıq məfkurəsi milli birliyə necə təsir edir?
- Qeyd edək ki, Ulu Öndərin hakimiyyəti dövründə "Azərbaycançılıq" anlayışı mənşəyindən, dilindən və dinindən asılı olmayaraq ölkənin hər bir vətəndaşını vahid Konstitusiya və dövlət bayrağı altında birləşdirən hüquqi-siyasi çətir rolunu oynayaraq etnik millətçilikdən siyasi-vətəndaş həmrəyliyinə keçidi təmin etdi. 1990-cı illərin mürəkkəb geosiyasi reallıqları fonunda ideologiya, ilk növbədə, dövlətçiliyin fiziki mövcudluğunu qorumaq, vətəndaş müharibəsini önləmək və kövrək müstəqilliyi xarici təhlükələrdən sığortalamaq məqsədinə — yəni müdafiə və xilas fəlsəfəsinə xidmət edirdi. Bununla yanaşı, Azərbaycan dili dövlət dili kimi möhkəmləndirildi, ölkədəki bütün xalqların mədəni irsi ümumi sərvət elan edilərək multikulturalizm dövlət siyasətinin mühüm komponenti oldu.
Bununla belə, torpaqların 20%-nin işğal altında qalması və 1 milyondan çox qaçqın-köçkünün mövcudluğu 30 illik dövrdə milli ideologiyanın psixoloji və ictimai diskursuna itki, ədalətsizlik travması və müdafiə məcburiyyətindən doğan reaktiv dinamika gətirmiş, dövlətin bütün strateji resursları ərazi bütövlüyünün bərpası zərurətinə köklənmişdi. 1993-cü ildən etibarən Heydər Əliyevin rəhbərliyi ilə dövləti parçalanmaqdan qoruyan, daxili sabitliyi bərqərar edən və cəmiyyəti vahid məqsəd ətrafında səfərbər edən praktiki dövlətçilik ideologiyası kimi bərqərar oldu.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri təkcə hərbi-strateji xarakter daşımadı, eyni zamanda Azərbaycan cəmiyyətinin kollektiv şüurunda tektonik psixoloji qırılma yaratdı. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərqərar olunması otuz illik natamamlıq sindromunu, xalqın öz gücünə inamsızlığını və beynəlxalq vasitəçilik mexanizmlərinin təlqin etdiyi çıxılmazlıq ovqatını aradan qaldırdı. Kollektiv şüurun mərkəzinə zəfər psixologiyası, bərpa olunmuş milli ləyaqət, özünəinam və qalib dövlət vətəndaşı məsuliyyəti yerləşməyə başladı. İctimai təqvim və milli düşüncə artıq təkcə işğal tarixlərinin və faciələrin anımı ətrafında deyil, Zəfər Günü, Dövlət Suverenliyi Günü və "Böyük Qayıdış" fəlsəfəsi ətrafında səfərbər olunur. Onilliklər boyu beynəlxalq hüququn icrasını kənar paytaxtlardan uman passiv "qurban" mövqeyini öz milli iradəsi və intellektual-hərbi potensialı ilə tarixi ədaləti bərpa edən suveren xalq kimliyi əvəzlədi. Nəticədə gənc nəslin kimlik inşasında da köklü dönüş yarandı: yeni nəsil artıq itirilmiş torpaqların nisgili və əlçatmazlığı ilə deyil, bütöv və suveren Azərbaycanın qalib varisi olmaq duyğusu ilə formalaşır.
- Müasir dövrdə azərbaycançılıq ideologiyasının əhəmiyyəti nədən ibarətdir və post müharibə dövründə bu ideyaya hansı yeni çalarlar əlavə etmək olar?
- İlk növbədə qeyd edək ki, Azərbaycançılıq məfkurəsi yeni siyasi və mədəni mərhələyə qədəm qoymuşdur. Postmüharibə dövrünün yaratdığı yeni geosiyasi reallıqlar milli kimliyin məzmununda daha dərin, sivilizasiya səviyyəsində bir sintezi zərurətə çevirdi. Klassik dövrdə daha çox daxili balanslaşdırıcı vasitə kimi çıxış edən vətəndaş azərbaycançılığı, bu gün strateji və tarixi köklərə söykənən güclü Türk kimliyi ilə ziddiyyət yaratmadan, əksinə, onu tamamlayan bir harmoniyaya qovuşmaqdadır. Burada türkçülük daxildəki digər etnik icmaları kənarlaşdıran etnosentrik bir ideologiya kimi deyil, Azərbaycanın minillik dövlətçilik və mədəniyyət genetikası, eyni zamanda beynəlxalq təhlükəsizlik arxitekturasının ən möhkəm xarici dayağı kimi təzahür edir. Bu yeni sintezin ən bariz siyasi-doktrinal təzahürü 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətlərinin rəsmi müttəfiqlik zirvəsinə yüksəlməsi oldu. Hərbi, siyasi və iqtisadi müstəvidə qarşılıqlı yardım və inteqrasiyanı təsbit edən bu tarixi sənəd, həm də iki qardaş dövlətin birgə geosiyasi çətirini formalaşdırdı. Bunun məntiqi davamı olaraq, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsindəki inteqrasiya prosesləri Azərbaycan üçün sadəcə regional iqtisadi əməkdaşlıq platforması olmaqdan çıxaraq, vahid sivilizasiya məkanı, hərbi-təhlükəsizlik və ideoloji qoruyucu qalxana çevrilmişdir. Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır", - bəyanatı bu vektorun müvəqqəti konyuktur deyil, postmüharibə dövrünün təməl strateji kursu olduğunu nümayiş etdirdi.
Bununla belə, multikultural daxili birliklə sivilizasiya səviyyəli Türk inteqrasiyasının vəhdəti hələ də nəzəri cəhətdən dərindən işlənilməli olan mürəkkəb bir uzlaşma prosesidir. Qarşıda duran əsas ideoloji vəzifə cəmiyyətin daxilindəki polietnik balansı zədələmədən, qlobal arenada Türk dünyasının ayrılmaz və aparıcı parçası olmaq kimliyini hüquqi və ictimai təfəkkürdə üzvi şəkildə oturtmaqdır. Bu proses hələlik hazır, qapanmış bir formulla yekunlaşmamışdır; o, milli təhsil konsepsiyasında, elmi tədqiqatlarda və ictimai narrativlərdə hər gün yenidən yoğrulan dinamik bir axtarış mərhələsidir. Beləliklə, daxildə inklüziv vətəndaş həmrəyliyini qoruyan, xaricdə isə Türk geosiyasi və mədəni ailəsinə dərindən inteqrasiya edən bu yeni kimlik konsepti, formalaşmaqda olan gələcək doktrinanın ən həlledici sütunlarından birini təşkil edir.
Vətən müharibəsi təcrübəsində formalaşmış sarsılmaz vətəndaş-ordu birliyi cəmiyyətin mənəvi konsolidasiyasının və vətənpərvərlik tərbiyəsinin institusional dayağı kimi qorunub saxlanılır. Bununla belə, qarşıda duran əsas təkamül sınağı bu hərbi qüdrəti və təhlükəsizlik refleksini cəmiyyətin mülki inkişafı, insan kapitalının artırılması və innovasiya ekosistemi ilə üzvi vəhdətdə inkişaf etdirmək, dövləti sadəcə qoruyan deyil, intellektual cəhətdən istehsal edən gücə çevirməkdir.
- Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycançılıq məfkurəsinin təkamülündə yeni mərhələnin başlanğıcıdırmı?
- Bəli. Prezidentin bu çıxışı siyasi və ideoloji baxımdan Azərbaycanda yeni mərhələnin başlanğıcıdır. Ərazi bütövlüyünün və suverenliyin tam təminindən sonra keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətin yeni strateji eraya qədəm qoyduğunu rəsmən təsbit edən mühüm siyasi mərhələ oldu. Prezident İlham Əliyevin bu qurultaydakı konseptual çıxışı qalib dövlətin yeni ideoloji paradiqmasının — yəni "Neoazərbaycançılıq" modelinin əsas sütunlarını müəyyənləşdirmək üçün əsas ideoloji-nəzəri baza oldu. Prezidentin bu çıxışındakı əsas siyasi və ideoloji mesajlar bunlardan ibarət idi:
•Zəfər fəlsəfəsi və yeni kimlik: 30 illik məğlubiyyət və itki travması aradan qaldırılmış, milli şüurun mərkəzinə qalibiyyət, ləyaqət və quruculuq narrativi yerləşdirilmişdir.
•İdeoloji təhlükəsizlik: Sərhədlərin fiziki mühafizəsi ilə yanaşı, artan xarici təzyiqlər və hibrid hücumlar fonunda informasiya-ideoloji məkanın qorunması milli suverenliyin təməl şərti elan edilmişdir.
•Geosiyasi subyektlik: Azərbaycan regionda kənar güclərin təsir obyekti olmaqdan çıxaraq öz gündəliyini diktə edən müstəqil orta güc mərkəzinə çevrilmişdir.
•Müdafiədən proaktivliyə keçid: Dövlətçilik xətti mövcud vəziyyəti sadəcə qorumaq deyil, milli maraqları hücumçu diplomatiya, güclü ordu və Türk inteqrasiyası ilə irəli aparmaq üzərində qurulmuşdur.
Beləliklə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı klassik Azərbaycançılığın müdafiə mərhələsini yekunlaşdıraraq qalib dövlətin proaktiv və strateji doktrinasının — Neoazərbaycançılığın siyasi-nəzəri bünövrəsini qoymuş oldu.
Tarixi təkamül zənciri, psixoloji qırılma xətləri və dəyişən geostrateji çağırışlar postmüharibə Azərbaycanının qarşısında dayanan ən mühüm nəzəri sualı aktuallaşdırır: "Neoazərbaycançılıq" nədir və o, klassik modelin sadəcə situativ davamıdır, yoxsa keyfiyyətcə yeni dövlətçilik paradiqmasıdır? Elmi-akademik təhlil göstərir ki, "Neoazərbaycançılıq" klassik azərbaycançılığın təməl sütunlarını — vətəndaş həmrəyliyini, multikultural birgəyaşayışı və dünyəvi dövlətçiliyi inkar etmir. Əksinə, o, bu dəyərlərin otuz illik tarixi mərhələdə daşıdığı müdafiə, xilas və sağqalma qatını geridə qoyaraq, onları qalib dövlət üçün hücumçu, proaktiv və inkişafyönümlü yeni məzmunla zənginləşdirir. Bu baxımdan, "Neoazərbaycançılıq" hazır və qapanmış bir ehkam deyil, dörd təməl konseptual sütun üzərində formalaşmaqda olan dinamik doktrinadır.
Bu doktrinanın birinci sütununu mütləq suverenlik və bərpa olunmuş milli ləyaqət fəlsəfəsi təşkil edir. Klassik dövrdə suverenlik parçalanmış ərazi və dondurulmuş münaqişə təhlükəsi fonunda daimi risk altında olan kövrək dəyər idisə, yeni mərhələdə o, bütöv, bölünməz və güzəştsiz status kimi təsbit olunur. Xankəndidə, Şuşada və dövlət sərhədlərinin hər qarışında dalğalanan bayraq təkcə fiziki nəzarətin deyil, xalqın milli qürur və ləyaqətinin bərpasının rəmzidir. Yeni paradiqma vətəndaşdan özünümüdafiə və ya kompensasiya hissi deyil, beynəlxalq məkanda milli maraqları qətiyyətlə və bərabərhüquqlu əsaslarla irəli aparmağı şərtləndirən yüksək dövlətçilik məsuliyyəti tələb edir.
İkinci sütun xarici siyasətdə strateji muxtariyyət və regional "orta güc" statusudur. "Neoazərbaycançılıq" hər hansı bir qlobal güc mərkəzinin periferiyası olmağı qətiyyətlə rədd edir. Dövlət kənar təhlükəsizlik çətirlərindən asılılığı minimuma endirərək öz müdafiə sənayesinə və müasir ordusuna güvənir, regional məsələlərdə "regionun taleyini region dövlətləri həll etməlidir" prinsipini əsas götürür və Şərq-Qərb nəqliyyat-enerji qovşağı kimi qlobal logistikanın qaydalarını müəyyən edən subyektinə çevrilir.
Doktrinanın üçüncü sütunu daxili modernləşmə, texnoloji intibah və yeni inkişaf fəlsəfəsidir. Yeni ideologiya yalnız keçmiş zəfərin romantik təbliğatına sığına bilməz; onun yaşama qabiliyyəti cəmiyyətin sosial və intellektual inkişaf sürətindən birbaşa asılıdır. Məhz burada "Böyük Qayıdış" konsepsiyası ideoloji sınaq meydanına çevrilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası sırf fiziki inşaat prosesi deyil, ölkənin gələcək iqtisadi modelinin — "ağıllı şəhər", "yaşıl enerji zonası", rəqəmsallaşma və yüksək texnologiyalar ekosisteminin sınaq bazasıdır. Bu fəlsəfə bürokratik inersiyanı rədd edən, elmi innovasiyaya və insan kapitalına arxalanan yeni dövlət qulluğu və vətəndaş mədəniyyətini hədəfləyir.
Nəhayət, dördüncü sütun daxili vətəndaş birliyi ilə sivilizasiya kimliyinin vəhdətini təcəssüm etdirən sivilizasiya harmoniyasıdır. Ölkə daxilində polietnik və çoxkonfessiyalı balans tam qorunur; hər bir vətəndaş etnik mənsubiyyətindən asılı olmayaraq qalib Azərbaycanın bərabərhüquqlu qurucusu kimi çıxış edir. Eyni zamanda, dövlətin sivilizasiya kökləri birmənalı olaraq Türk dünyası ilə eyniləşdirilir, Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatına inteqrasiya milli təhlükəsizliyin xarici qalxanı və mənəvi bazası kimi qəbul edilir.
Bununla belə, "Neoazərbaycançılıq" modelinin şüar və ya müvəqqəti bəyannamələr səviyyəsində qalmaması, dayanıqlı dövlətçilik doktrinasına çevrilməsi üçün qarşıda hələ həllini gözləyən fundamental institusionallaşma tələbləri dayanır. İlk növbədə, təhsil və ictimai elmlər sistemi otuz illik məğlubiyyət və qurban terminologiyasından təmizlənməli, qələbə fəlsəfəsini tənqidi təfəkkürlə uzlaşdıran yeni elmi dərsliklər və tədris proqramları formalaşdırılmalıdır. İkincisi, qalib xalqın dövlətlə münasibətləri yüksək sosial ədalət, şəffaflıq və hüququn aliliyini tələb edir; idarəetmədə inersiya və inhisarçılıqla mübarizə aparılmadan ideoloji təhlükəsizliyi təmin etmək mümkün deyildir.
Bu kontekstdə ideoloji təhlükəsizliyin ən həssas və həlledici cəbhəsi məhz milli-mənəvi məkanın yad təsirlərdən mühafizəsidir. Xüsusilə regional güclərin dini amildən geosiyasi təzyiq və "yumşaq güc" aləti kimi istifadə etdiyi müasir şəraitdə, ölkənin xarici dini mərkəzlərdən asılılığını tam aradan qaldıran müstəqil və milli dövlət-din münasibətləri modeli formalaşdırılmalıdır. Bu model dini inancları yad siyasi gündəliklərdən, radikal təriqətçilikdən və xarici şəbəkələrin təsirindən qorumaqla yanaşı, Azərbaycanın tarixi dünyəvilik ənənələrinə, məzhəblərarası tarixi tolerantlığına və milli mədəni kodlarına söykənən yerli kadr bazasının yetişdirilməsini təmin etməlidir. Müstəqil milli dini model olmadan nə cəmiyyətin ideoloji immunitetini kənar təxribatlardan qorumaq, nə də qalib dövlətin suveren ideoloji arxitekturasını tamamlamaq mümkündür.
Postmüharibə dövründə Azərbaycan öz mədəni-mənəvi hüdudlarını ardıcıl şəkildə genişləndirərək dünya azərbaycanlılarının yeganə suveren dövləti missiyasını tam miqyası ilə üzərinə götürür. Respublikamız təkcə öz sərhədləri daxilində deyil, qlobal miqyasda soydaşlarımızın hüquq və mənafelərinin təminatçısı rolunda çıxış edir, onlarda sarsılmaz azərbaycançılıq məfkurəsini möhkəmləndirir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan, fərqli siyasi vətəndaşlıq kimliyinə malik olan, lakin özünü etnik, tarixi və mənəvi cəhətdən azərbaycanlı sayan on milyonlarla soydaşımızı ortaq milli platformada birləşdirmək üçün məhz belə bir vahid ideoloji çətirə həyati ehtiyac duyulur.
Təsadüfi deyil ki, sözügedən qlobal həmrəylik doktrinasının ən möhkəm, sarsılmaz fəlsəfi bünövrəsini minillik dövlətçilik ənənəsinin fasiləsizliyini təmin edən dərin milli tarix şüuru təşkil edir. «Neoazərbaycançılıq» konsepsiyasında milli tarix yaddaşı yalnız 1918-ci il Cümhuriyyəti və ya 1991-ci il müstəqilliyi ilə məhdudlaşan dar xronologiyanı aşaraq, Azərbaycanın böyük imperiya dövlətçiliyi təcrübəsini özünün ayrılmaz ontoloji zəmini elan edir. Bu kontekstdə dövlətçilik irsinin ən parlaq tarixi zirvəsi olan Səfəvilər dövləti və Qızılbaşlıq məfkurəsi yeni ideologiyanın təməl tarixi istinadgahına çevrilir. Məhz Səfəvi imperiyası mərhələsində Azərbaycanın etnik coğrafiyası ilə siyasi-inzibati coğrafiyası üst-üstə düşmüş, dövlətin ordu, idarəetmə və saray elitasını birbaşa Azərbaycan-türk qızılbaş kəsimi formalaşdırmış, Azərbaycan dili ilk dəfə rəsmi dövlət, ordu və diplomatiya dili statusuna yüksəlmişdir.
Siyasi baxımdan burada qüsursuz və ardıcıl bir tarixi-hüquqi zəncir mövcuddur: 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dünyəvi respublika olmaqla yanaşı, Səfəvilər, Əfşarlar və Qacarlardan sonra yaranmış müstəqil Azərbaycan xanlıqlarının siyasi irsini, habelə tarixi dövlətçilik ənənəmizi müasir beynəlxalq hüquq müstəvisində birləşdirən birbaşa siyasi varisdir. 1991-ci ildə bərpa edilən və bu gün tam suverenliyinə qovuşan Müstəqil Azərbaycan Respublikası isə Konstitusiya Aktı ilə təsbit olunduğu kimi, Cümhuriyyətin rəsmi varisidir. Beləliklə, tarixi və hüquqi ardıcıllıq birmənalıdır: Müstəqil Azərbaycan Cümhuriyyətin varisi, Cümhuriyyət isə Səfəvilərdən xanlıqlara qədər uzanan bütöv dövlətçilik irsinin varisidir.
Məhz Azərbaycan Respublikasının Səfəvi dövlətçiliyinin tarixi və siyasi varisi olması faktı, dünya azərbaycanlılarının milli təşkilatlanmasında yeni və strateji bir ideoloji məsuliyyət doğurur. Bu gün fərqli dövlətlərin sərhədləri daxilində yaşayan — İranda, İraqda, Suriyada, Əfqanıstanda, Türkiyədə və digər coğrafiyalarda məskunlaşan, özünü azəri hesab edən bütün Qızılbaş, Türkman, Əfşar, Qacar, Bayat, Şahsevən və digər Azərbaycan kökənli soydaşlarımızın yeganə milli dövləti məhz müstəqil Azərbaycan Respublikasıdır. Zamanın geosiyasi təlatümləri nəticəsində parçalanmış və fərqli coğrafiyalara səpələnmiş bu nəhəng kütlənin tarixi mənsubiyyət kodu Səfəvilərin qurduğu Qızılbaş dövlətçiliyinə, bugünkü ünvanı isə Müstəqil Azərbaycan Respublikasına bağlıdır.
«Neoazərbaycançılıq» bu tarixi həqiqəti şüurlara aşılayaraq bütün Azərbaycan kökənli insanlara birmənalı bir ideoloji mesaj verir: Müstəqil Azərbaycan Dövləti hər bir soydaşımızın sivilizasiya dayağı, milli qürur qalası və yeganə dövlətçilik ocağıdır; buna görə də dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan kökənli fərd bu dövləti göz bəbəyi kimi qorumağı, onun beynəlxalq nüfuzunu müdafiə etməyi, onun təhlükəsizliyinə xidmət etməyi özünün ən müqəddəs tarixi və milli borcu bilməlidir. Bu yanaşma pərakəndə soydaş qruplarını passiv seyrçilikdən çıxarır, onları vahid dövlətçilik ideyası ətrafında səfərbər edir və Azərbaycan Respublikasını bütün qlobal soydaşlarımız üçün toxunulmaz, qorunması vacib olan ali milli dəyərə çevirir.
Beləliklə, «Neoazərbaycançılıq» sadəcə regional hüdudlarla çərçivələnmiş lokal ideologiya deyil; o, minillik dövlətçilik təcrübəsini, siyasi varisliyini özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən universal milli doktrinadır. Bu təlim bir tərəfdən tam suverenliyinə qovuşmuş güclü Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində müstəqil iradəsini və hüquqi ardıcıllığını təsbit edir, digər tərəfdən isə sərhədləri aşaraq dünya azərbaycanlılarını vahid mənəvi, tarixi və strateji çətir altında birləşdirir. Nəticə etibarilə, müasir Azərbaycan öz şanlı keçmişinə söykənərək gələcəyini quran, qlobal miqyasda milli kimliyinə sahib çıxan və böyük dövlətçilik ənənəsini yeni zirvələrə daşıyan qüdrətli bir güc mərkəzidir.
Ayhan
18:19 07.11.2026
Oxunuş sayı: 91