İsrailin 20 illik tarixi dəyişir - Siyasi səhnədə yeni fiqur
İsraildə parlament seçkilərindən sonra siyasi mübarizə yeni mərhələyə qədəm qoyub. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi düşərgə ilə müxalifət qüvvələri arasında hökuməti formalaşdırmaq uğrunda mübarizə davam edir. Müxalifət düşərgəsinin liderlərindən olan “Yəşar” Partiyasının rəhbəri Qadi Ayzenkot dörd siyasi partiyanın iştirakı ilə yeni hökumətin mümkün qədər qısa müddətdə formalaşdırılması istiqamətində iş apardıqlarını açıqlayıb. Parlamentdə 48 deputatla təmsil olunan bu siyasi qüvvələr Netanyahunun rəhbərlik etdiyi hökumətin dəyişdirilməsini və yeni koalisiyanın qurulmasını hədəfləyirlər. Hazırkı siyasi mənzərədə heç bir düşərgənin təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə etməməsi koalisiya danışıqlarını daha da mürəkkəbləşdirir. Bu şəraitdə müxalifətin digər siyasi qüvvələrlə, xüsusilə ərəb partiyaları ilə əməkdaşlıq imkanları xüsusi əhəmiyyət daşıyır. Bəs Ayzenkotun rəhbərliyi ilə irəli sürülən bu təşəbbüs İsraildə siyasi qüvvələr nisbətini dəyişə bilərmi? Müxalifət hökuməti formalaşdırmaq üçün lazımi dəstəyi toplaya biləcəkmi? Netanyahunun uzun müddətdir davam edən hakimiyyətinə son qoyulması və İsraildə yeni siyasi mərhələnin başlanması nə dərəcədə realdır? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq, professor Əlimusa İbrahimov qeyd edib ki, seçki prosesi artıq geridə qalıb və hazırda əsas diqqət seçkinin nəticələrindən istifadə edərək yeni hökumətin formalaşdırılmasına yönəlib: “Bu prosesdə iki əsas siyasi düşərgə və onların ətrafında birləşən qüvvələr iştirak edir. Hazırda əsas müzakirə mövzusu bu siyasi qüvvələrin hansı formada koalisiya yarada biləcəyi və hökuməti formalaşdırmaq imkanlarının nə dərəcədə real olmasıdır. Söhbət, əsasən, Benyamin Netanyahu və Qadi Ayzenkot digər siyasi partiyalarla birləşərək hökumət qurmaq cəhdlərindən gedir. Bununla bağlı tərəflər arasında danışıqlar davam edir. Əsas məsələ isə İsrail prezidentinin hökuməti formalaşdırmaq səlahiyyətini kimə həvalə edəcəyidir. Məlum olduğu kimi, hazırda iki əsas siyasi blok formalaşıb və prezident hökuməti qurmaq mandatını onlardan birinin nümayəndəsinə verə bilər. Əgər mandat Netanyahuya həvalə olunsa, o, öz ətrafında müxtəlif siyasi qrupları birləşdirərək koalisiya yaratmağa çalışacaq. Eyni zamanda, Ayzenkot da dörd partiyanın iştirakı ilə koalisiya formalaşdırmaq istiqamətində fəaliyyət göstərir. Bu partiyalar arasında ərəb siyasi qüvvələrinin də olduğu bildirilir. Ərəb partiyaları ümumilikdə 19 mandat əldə edərək hökumətin formalaşdırılmasında iştirak etmək niyyətindədirlər. Ayzenkotun hökumətə gəlməsi və yeni koalisiyanın formalaşdırılması İsrailin son 20 illik siyasi tarixində əhəmiyyətli dəyişiklik ola bilər. Çünki Netanyahu uzun müddətdir ölkənin siyasi həyatında aparıcı fiqur və baş nazir kimi çıxış edir. O, hakimiyyəti itirmək istəmir və hökuməti formalaşdırmaq üçün bütün mümkün siyasi imkanlardan istifadə etməyə çalışır”.

Professor qeyd edib ki, əgər Netanyahu hökuməti formalaşdıra bilməsə, bu halda mandatın Ayzenkota verilməsi və onun yeni koalisiya yaratmaq cəhdi gündəmə gələ bilər: “Ayzenkotun hakimiyyətə gəlməsi isə İsrail siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dəyişikliyin yalnız İsrailin daxili siyasi həyatına deyil, həm də ölkənin ABŞ və ərəb dövlətləri ilə münasibətlərinə təsir göstərməsi mümkündür. Bununla belə, əsas sual Netanyahunun hakimiyyəti Ayzenkot təhvil verməyə nə dərəcədə hazır olmasıdır. Düşünürəm ki, onun əlində seçki prosesinin nəticələrinə və hökumətin formalaşdırılması istiqamətindəki siyasi proseslərə təsir göstərə biləcək müəyyən imkanlar və mexanizmlər var. Bu baxımdan, Netanyahu çətin vəziyyətə düşəcəyi təqdirdə müxtəlif siyasi və hərbi vasitələrdən istifadə etməyə çalışa bilər. O cümlədən İranla mümkün müharibə məsələsi də belə bir şəraitdə siyasi gündəmdə ön plana çıxarıla bilər”.
Ayhan
17:45 07.11.2026
Oxunuş sayı: 99