Ərdoğanın Bakı səfərinin gündəliyi bəlli oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana işgüzar səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Yeni Sabah” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə görüşəcək. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsi, Bakı-İrəvan və Ankara-İrəvan əlaqələri, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi müzakirə olunacaq.
Tərəflərin regionda, xüsusilə Yaxın Şərqdə, Körfəz bölgəsində və İran ətrafında baş verən prosesləri, onların bölgəyə təsirlərini, eləcə də digər regional və qlobal məsələləri müzakirə edəcəyi gözlənilir.
Türkiyə Prezidentinin Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində də iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Ərdoğanı səfər zamanı Türkiyənin bir sıra nazirləri və hökumət rəsmiləri müşayiət edəcək. Görüşlər və tədbirlər başa çatdıqdan sonra Türkiyə Prezidenti Ankaraya qayıdacaq.
19:55 07.11.2026
Oxunuş sayı: 66