Deputat: Şuşanın azad edilməsi zəfərin zirvəsi oldu
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladığı müraciətdə milli birlik, azərbaycançılıq ideologiyası və ümummilli həmrəyliyin Azərbaycanın dövlətçilik gücünün əsas dayaqları olduğu vurğulanıb. Müraciətdə qeyd olunur ki, Azərbaycanın qüdrəti yalnız iqtisadi və hərbi potensialla ölçülmür. Bu gücün təməlində xalqı birləşdirən milli-mənəvi dəyərlər, tarixi yaddaş və ortaq dövlətçilik ideyası dayanır.
Xüsusilə 44 günlük Vətən müharibəsində nümayiş etdirilən Ali Baş Komandan–Ordu–Xalq birliyi Azərbaycanın Zəfərində mühüm rol oynadı. Həmin tarixi birlik dövlətin, ordunun və xalqın vahid amal ətrafında səfərbər olmasının parlaq nümunəsinə çevrildi.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq: “Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpası və Azərbaycanın öz taleyini özü müəyyənləşdirən qüdrətli dövlət olduğunu dünyaya nümayiş etdirməsidir.
Zəfərin tarixi əhəmiyyəti onun hərbi nəticələri ilə məhdudlaşmır. Bu qələbə xalqımızın yaddaşında dərin iz qoymuş işğal və məcburi köçkünlük faciəsinə son qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərini, milli özünəinamını və gələcək inkişaf perspektivlərini də əsaslı şəkildə dəyişdi. Azərbaycan sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində ən mürəkkəb tarixi vəzifələri belə həyata keçirmək mümkündür.
Bu tarixi nəticənin əldə olunmasında Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və strateji rəhbərliyi həlledici rol oynadı. Onun rəhbərliyi ilə uzun illər ərzində ölkənin iqtisadi potensialı artırıldı, beynəlxalq mövqeləri möhkəmləndirildi, müasir ordu quruculuğu həyata keçirildi. Bütün bu istiqamətlər vahid məqsədə – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına xidmət edirdi. Prezident İlham Əliyev işğal problemini milli təhlükəsizlik və dövlət suverenliyi məsələsi kimi daim diqqət mərkəzində saxlayaraq ardıcıl və prinsipial siyasət həyata keçirdi”.
Deputat qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin siyasətin tarixi nəticəsini ortaya qoydu: “44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbədə Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, hərbçilərimizin şücaəti və xalqımızın misilsiz həmrəyliyi həlledici amillər oldu. İlham Əliyevin müharibə dövründə beynəlxalq media qarşısında nümayiş etdirdiyi prinsipial mövqe isə Azərbaycanın haqq mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı, informasiya mübarizəsində ölkəmizin mövqelərini gücləndirdi.
Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu. Azərbaycanın mədəniyyət paytaxtının azadlığı milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi bütövlüyümüzün bərpası baxımından müstəsna əhəmiyyət daşıyırdı.
Zəfər prosesi 2020-ci illə yekunlaşmadı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin edərək müasir dövlətçilik tarixinin ən mühüm strateji məqsədinə nail oldu. Bu, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasətinin məntiqi nəticəsi idi.
Bu gün qələbəmizin real bəhrələri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, Böyük Qayıdış proqramının icrasında özünü göstərir. Yenidən qurulan şəhər və kəndlər, müasir infrastruktur, açılan məktəblər, fəaliyyətə başlayan Qarabağ Universiteti Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Doğma yurdlarına qayıdan ailələr Zəfərin ən böyük mənəvi nəticəsinin – torpaqlarımızda həyatın yenidən canlanmasının canlı təcəssümüdür.
Bu qələbənin arxasında minlərlə şəhidimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır. Ona görə də Zəfər Günü həm böyük qürur, həm də şəhidlərimizin əziz xatirəsi qarşısında məsuliyyət günüdür. Onların fədakarlığını yaşatmaq, qazilərimizə və şəhid ailələrinə qayğı göstərmək dövlətin və cəmiyyətin mənəvi borcudur.
Zəfər tarixini Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən ayrı təsəvvür etmək mümkün deyil. Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm dövlətçilik təməllərini yaratdı, milli maraqlara əsaslanan inkişaf strategiyasını müəyyənləşdirdi. İlham Əliyev isə bu siyasi kursu davam etdirərək ölkəmizin hərbi, iqtisadi və diplomatik gücünü artırdı, həmin strateji xətti tarixi qələbəyə çevirdi. Bu, dövlətçilikdə varisliyin və siyasi ardıcıllığın parlaq nümunəsidir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş Zəfəri davamlı inkişaf, iqtisadi qüdrət, sosial rifah və regionda dayanıqlı sülhlə möhkəmləndirməkdir. Azərbaycan öz suverenliyini təmin etmiş, regionda yeni reallıqlar yaratmış dövlətdir. Bundan sonrakı mərhələdə də milli maraqların qorunması və sülhün beynəlxalq hüquqa hörmət əsasında təmin edilməsi əsas prioritetlərimiz olaraq qalmalıdır.
8 Noyabr bir daha təsdiqləyir ki, milli birlik, güclü dövlət və qətiyyətli liderlik xalqı tarixi qələbələrə aparan əsas amillərdir. Zəfər Azərbaycanın öz gücünə inamının, milli ləyaqətinin və dövlətçilik əzminin əbədi rəmzidir. Bu qələbə tariximizə yazılıb, onun qorunması və gələcək nəsillərə ötürülməsi isə hər birimizin məsuliyyətidir”.
Ayhan
16:55 07.11.2026
Oxunuş sayı: 106