Dünya nizamında güc balansı dəyişir - İran, Rusiya, Çin əməkdaşlığı
Dünyada geosiyasi qarşıdurmaların dərinləşməsi böyük dövlətlər arasında yeni ittifaqların formalaşmasını sürətləndirir. ABŞ və Qərblə münasibətlərində gərginlik yaşayan ölkələr isə siyasi, iqtisadi və hərbi əməkdaşlığı genişləndirməyə çalışırlar. Bu prosesdə BRICS platforması xüsusi diqqət çəkir. Təşkilatın genişlənməsi və yeni ölkələrin bu birlikdə yer alması qlobal güc balansının dəyişməsi ilə bağlı müzakirələri daha da artırır. Xüsusilə Çin, Rusiya və İran arasında yaxınlaşma yeni geosiyasi blokun formalaşması kimi qiymətləndirilir. Davam edən regional münaqişələr və böyük dövlətlər arasındakı rəqabət isə bu əməkdaşlığın strateji əhəmiyyətini ön plana çıxarır. Politoloqlar hesab edirlər ki, qarşıdakı illərdə dünya siyasətində hansı ölkələrin hansı geosiyasi mərkəz ətrafında birləşəcəyi daha aydın görünəcək.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, BRICS geosiyasi və beynəlxalq əməkdaşlıq baxımından mühüm platformadır:
“BRICS 16 iyun 2009-cu ildə Sankt-Peterburqda keçirilən İqtisadi Forum çərçivəsində yaradılmış beynəlxalq təşkilatdır. Buraya ilk olaraq Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxil olub. Sonradan isə Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya təşkilata qoşulub. Bu, geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyan beynəlxalq birlikdir. Təşkilatda ən böyük gücə malik ölkələr Çin, Hindistan və Rusiyadır. İran da regionda mühüm geosiyasi aktorlardan biridir. Bu ölkələr dünyanın yenidən formalaşması və qlobal güc balansının dəyişməsi fonunda müxtəlif istiqamətlərdə əməkdaşlıq edirlər. ABŞ gələcək siyasətində əsas rəqiblərindən birinin Çin olduğunu açıq şəkildə göstərir. Bu səbəbdən Çin özünə yaxın müttəfiqlər tapmağa çalışır. Digər böyük dövlətlər də oxşar istiqamətdə addımlar atırlar. İran bu gün Rusiya və Çinlə strateji münasibətlərə malikdir. İranın ABŞ və İsraillə qarşıdurması fonunda da bu ölkələr arasında əməkdaşlıq məsələsi daha çox gündəmə gəlib. Müxtəlif mənbələr Rusiya və Çinin İranla hərbi və texnoloji əməkdaşlığı barədə məlumatlar yayıblar. ABŞ İranın Rusiya və Çinlə yaxınlaşmasını öz geosiyasi maraqları baxımından qəbul etmir. Lakin bu ölkələr hesab edirlər ki, ayrı-ayrılıqda üzləşdikləri təzyiqlərə qarşı birlikdə hərəkət etmək daha effektivdir. Onların əməkdaşlığı məhz qarşılıqlı strateji maraqlara əsaslanır. Hazırda dünyada yeni güc balansı formalaşır. Böyük dövlətlər arasında rəqabət artıq yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Regional münaqişələr və hərbi qarşıdurmalar da qlobal güclərin maraqlarının toqquşduğu əsas istiqamətlərdən birinə çevrilib. Avropada davam edən Rusiya-Ukrayna müharibəsi də bu geosiyasi proseslərin mühüm hissəsidir. Dünyanın müxtəlif regionlarında baş verən qarşıdurmalar böyük dövlətlər arasında təsir dairələrinin yenidən müəyyənləşdirilməsi ilə bağlı müzakirələri gücləndirir".
Politoloq hesab edir ki, qarşıdakı 4-5 il ərzində bu proseslər daha aydın mərhələyə keçəcək. Həmin dövrdə hansı ölkələrin hansı geosiyasi mərkəz ətrafında birləşdiyi daha dəqiq görünəcək. Bu proseslər hələ davam edir. Lakin hesab edirəm ki, İran, Rusiya və Çin strateji baxımdan bir-birinə yaxınlaşıblar və dünya siyasətində formalaşan yeni güc balansında mühüm mövqeyə malikdirlər”.
Zeynəb Həsən
17:35 09.09.2026
Oxunuş sayı: 35