İrandan dünya etirazçılarına mühüm çağırış
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dünyanın müxtəlif ölkələrində keçirilən etiraz aksiyalarının iştirakçılarını hakimiyyətlərin diqqəti müharibələrdən və korrupsiya məsələlərindən yayındırmaq cəhdlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “Mehr” agentliyi bu barədə məlumat yayıb.
Qalibaf oktyabrın 23-də sosial şəbəkədə paylaşdığı açıqlamada etirazların əsas məqsədindən uzaqlaşdırılmasına imkan verilməməsinin vacibliyini vurğulayıb.
“Müharibəni qızışdıranların süni qarşıdurmalar yaradaraq etirazlarınızı təhrif etməsinə imkan verməyin”, – deyə o bildirib.
İran parlamentinin sədri iddia edib ki, bəzi hakim dairələr ictimai narazılığı özlərinə qarşı yönəlmiş etirazlardan insanların bir-biri ilə qarşıdurmasına çevirməyə çalışırlar.
Onun sözlərinə görə, bu strategiyanın məqsədi etirazçıların diqqətini əsas problemlərdən yayındırmaq və məsuliyyətdən yayınmaqdır.
Qalibaf Ceffri Epşteyn işi, Qəzza zolağındakı vəziyyət, İrana qarşı müharibə və korrupsiya hallarını eyni kontekstdə qiymətləndirib. O, bu hadisələrin arxasında qlobal hakimiyyət strukturlarının yuxarı pillələrindəki eyni qüvvələrin dayandığını iddia edib.
Parlament sədri həmçinin yerli əhali ilə miqrantlar arasında qarşıdurma yaradılması cəhdlərinə diqqət çəkib.
Qalibafın fikrincə, belə mübahisələr ictimai diqqəti əsas məsələlərdən yayındıraraq hakimiyyətlərin məsuliyyətdən yayınmasına xidmət edir.
16:30 24.10.2026
Oxunuş sayı: 60