Aİ ABŞ-nin Rusiyaya münasibətini dəyişmək üçün danışıqlara qoşulmaq istəyir
Avropa İttifaqı (Aİ) Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı sülh danışıqlarında iştirakını genişləndirməyə və ABŞ-nin son vaxtlar Rusiyanın xeyrinə dəyişdiyi bildirilən mövqeyinə təsir göstərməyə çalışır.
Crossmedia.az xəbər verir ki, “Euronews” telekanalı bu barədə məlumat yayıb.
Bildirilib ki, Brüssel Rusiya, Ukrayna və ABŞ arasında keçirilməsi planlaşdırılan növbəti üçtərəfli danışıqları Avropa nümayəndələrinin də iştirakı ilə çoxtərəfli formata çevirmək niyyətindədir.
Nəşrin qiymətləndirməsinə görə, Avropa rəsmiləri Vaşinqtonun son qərarlarının Moskvanın maraqlarına daha uyğun olduğunu düşünür və danışıqlarda birbaşa iştirak etməklə ABŞ-nin mövqeyinə təsir göstərməyə çalışırlar.
Lakin bu təşəbbüsün uğur qazanacağına zəmanət yoxdur. Belə ki, Avropa ölkələri əvvəlki diplomatik proseslərdə də ABŞ tərəfindən mövqelərinin nəzərə alınmaması halları ilə üzləşiblər.
Məlumata görə, Vaşinqton noyabr ayında Rusiya və Ukrayna ilə texniki səviyyədə üçtərəfli danışıqları bərpa etmək istəyir.
Avropa İttifaqı isə bu fürsətdən istifadə edərək sülh prosesində daha fəal rol oynamağa çalışır.
Kremlin sözçüsü Dmitri Peskov Avropa nümayəndələrinin gələcək danışıqlarda iştirakını istisna etməsə də, hazırlanan növbəti görüşün üçtərəfli formatda nəzərdə tutulduğunu bildirib.
15:26 24.10.2026
Oxunuş sayı: 69