Ağ Ev SpaceX-dən müxtəlif ölkələrdə Starlink-i söndürməyi tələb edib
ABŞ administrasiyası xarici siyasət məqsədlərinə uyğun olaraq müxtəlif ölkələrdə “Starlink” peyk internetinin aktivləşdirilməsi və ya fəaliyyətinin dayandırılması üçün “SpaceX” şirkətinə dəfələrlə müraciət edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ-nin altı keçmiş yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.Bildirilib ki, həm Co Bayden, həm də Donald Tramp administrasiyaları “SpaceX” rəhbərliyindən müxtəlif ölkələrdə peyk rabitəsinin fəaliyyətinin tənzimlənməsini istəyiblər.
Məlumata görə, Bayden administrasiyası Yəmən və Livanda İranın dəstəklədiyi silahlı qruplaşmaların “Starlink”dən istifadəsinin qarşısını almaq üçün xidmətin məhdudlaşdırılmasını tələb edib.
Eyni zamanda, Vaşinqton Ukrayna ordusunun rabitə imkanlarını gücləndirmək və İrandakı etirazçılara internetə çıxış təmin etmək məqsədilə sistemin aktivləşdirilməsinə çalışıb.
Tramp administrasiyasının da 2025 və 2026-cı illərdə ABŞ və İsrailin İrana zərbələrindən sonra ölkədə “Starlink” xidmətinin aktivləşdirilməsini müzakirə etdiyi bildirilir.
Bu məlumatlar Ukraynanın hərbi məqsədlərlə istifadə etdiyi “Starshield” peyk rabitəsi sisteminə tətbiq olunan məhdudiyyətlər fonunda açıqlanıb.
ABŞ-da bəzi siyasətçilər, xüsusilə Demokratlar Partiyasının nümayəndələri, Ukraynanın rabitə imkanlarının məhdudlaşdırılmasının səbəblərinin araşdırılmasını tələb edirlər.
Demokrat senator Riçard Blumental məsələ ilə bağlı araşdırmaya başladığını və Pentaqondan məhdudiyyətlərin kim tərəfindən tətbiq edildiyinə dair izahat istədiyini bildirib.
Qeyd edək ki, “Starlink” və onun hərbi təyinatlı versiyası olan “Starshield” Ukraynanın rabitə infrastrukturunda, o cümlədən hərbi əməliyyatların əlaqələndirilməsində mühüm rol oynayır.
13:40 24.10.2026
Oxunuş sayı: 68