ŞAD XƏBƏR: Bu ərazilərdə evlər ucuzlaşa bilər
Azərbaycanda sovet dövründən qalma yaşayış binalarının enerji səmərəliliyinin artırılması və müasir izolyasiya sistemləri ilə yenilənməsi uzunmüddətli inkişaf və dekarbonizasiya hədəfləri çərçivəsində gündəmə gəlib. Mövcud binalarda istilik izolyasiyasının yaxşılaşdırılması, enerji sərfiyyatının azaldılması və bərpaolunan enerji texnologiyalarının tətbiqi həm yaşayış şəraitinin yaxşılaşdırılması, həm də enerji xərclərinin azaldılması baxımından əhəmiyyət daşıyır. Bu yenilənmələr köhnə mənzillərin bazardakı mövqeyinə, alıcıların seçimlərinə və sovet dövründən qalma binalarla yeni tikililər arasındakı qiymət fərqinə təsir göstərə bilər. Bununla belə, mənzilin bazar dəyəri yalnız enerji səmərəliliyindən deyil, binanın texniki vəziyyəti, yerləşdiyi ərazi və digər amillərdən də asılıdır. Bəs bu tədbirlər köhnə mənzillərin qiymətinə necə təsir edəcək və yeni tikililərlə aradakı qiymət fərqini azalda biləcəkmi?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Crossmedia.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakda aparılan əsaslı yaxşılaşdırmalar onun bazar dəyərinə təsir edə bilər. Onun sözlərinə görə, bu dəyişikliklərin qiymətə təsiri görülən işlərin effektivliyindən və keyfiyyətindən asılıdır.

Ekspert yaxşılaşdırmaların əmlakın dəyərinə təsirini belə izah edib: “Daşınmaz əmlak üzərində aparılan əsaslı yaxşılaşdırmalar, şübhəsiz ki, onun qiymətinə və dəyərinə təsir göstərir. Xüsusilə nəzərə alsaq ki, bu dəyişikliklər həmin əmlakdan istifadə edən şəxslərin, orada yaşayanların və mülkiyyətçilərin xərclərini azalda bilər. Bu baxımdan, görülən işlər əmlakın dəyərinə əhəmiyyətli təsir göstərə bilər”.
Ramil Osmanlı layihələrin icrası zamanı keyfiyyət göstəricilərinin də nəzərə alınmalı olduğunu vurğulayıb: “Layihənin hansı formada həyata keçirilməsi vacib məqamlardan biridir. Burada yalnız səmərəlilik deyil, görülən işlərin keyfiyyəti və ümumi vəziyyətə təsiri də nəzərə alınmalıdır. Vətəndaşlar əvvəlki dövrdə istifadə etdikləri xidmətlərə görə ödədikləri vəsaitin qarşılığını alacaqlarmı? Ən əsası, əvvəlki komfortlarını qoruya biləcəklərmi? Əgər yeni qurulan sistemdə müəyyən problemlər yaranarsa və nəticədə əvvəlki rahatlıq təmin olunmazsa, bu, əmlakın dəyərinə mənfi təsir göstərə bilər”.
Ekspert hesab edir ki, əmlakın dəyərinin qorunması və ya artması görülən işlərin real nəticələrindən asılıdır: “Bu baxımdan, ən vacib məqamlardan biri həyata keçiriləcək layihənin effektivliyi və keyfiyyət göstəriciləridir. Əmlakın dəyərinə təsir də məhz görülən işlərin nə dərəcədə uğurlu olmasından və vətəndaşların yaşayış şəraitini necə dəyişməsindən asılı olacaq”.
Nigar Xəlilli
15:00 24.10.2026
Oxunuş sayı: 61