Tramp etiraf etdi: Rusiyaya qarşı gömrük rüsumları təsirsiz olacaq
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə ticarət dövriyyəsinin az olması səbəbindən Moskvaya qarşı yüksək gömrük rüsumlarının tətbiqinin gözlənilən nəticəni verməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “RBC-Ukrayna” nəşri bu barədə Trampın Floridada keçirdiyi mitinqdəki çıxışına istinadən məlumat yayıb.
ABŞ Prezidenti gömrük rüsumlarının müxtəlif ölkələr arasında münaqişələrin dayandırılmasında təsirli vasitə olduğunu iddia edib.
Onun sözlərinə görə, Vaşinqton daha əvvəl münaqişə tərəflərinə 200 faizlik gömrük rüsumları tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
Tramp oxşar tədbirlərin Rusiya və Ukraynaya qarşı da tətbiq oluna biləcəyini söyləsə də, bunun effektivliyinə şübhə ilə yanaşıb.
“Bəlkə də bunu dərhal Ukrayna və Rusiyaya qarşı tətbiq etməliyik. Amma biz onlardan kifayət qədər məhsul almırıq. Buna görə də bu üsul işləməyəcək”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl Rusiyaya qarşı nəzərdə tutulan bəzi sanksiya və gömrük rüsumlarının tətbiqini təxirə salıb. Dövlət katibi Marko Rubio qərarın mümkün iqtisadi nəticələrini qiymətləndirmək üçün əlavə vaxt lazım olduğunu açıqlayıb.
12:56 24.10.2026
Oxunuş sayı: 55