Ukrayna 2027-ci ildə İsveçdən 16 “Gripen” qırıcısı alacaq
Ukrayna İsveçdən “Gripen” tipli 32 qırıcı təyyarənin alınması və təhvil verilməsi istiqamətində hazırlıqları davam etdirir. İlk 16 təyyarənin 2027-ci ilin əvvəlində ölkəyə çatdırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, Ukraynanın müdafiə naziri Yevgeni Xmara isveçli həmkarı Pol Yonsonla telefon danışığında qırıcıların təhvil verilməsi və ukraynalı hərbçilərin hazırlıq prosesini müzakirə edib.
Plana əsasən, Ukrayna 2027-ci ilin əvvəlində hərbi yardım çərçivəsində 16 ədəd “Gripen C/D” qırıcısı alacaq. Daha 16 ədəd müasir “Gripen E” təyyarəsinin isə 2029-cu ilin əvvəlindən istifadəyə verilməsi gözlənilir.
“Gripen E” qırıcılarının alınmasına dair müqavilə iyunun 30-da Prezident Volodimir Zelenskinin və hər iki ölkənin müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə imzalanıb.
Xmara bildirib ki, qırıcıların silah sistemləri ilə birlikdə alınması Ukrayna aviasiyasının imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
Onun sözlərinə görə, əsas hədəflərdən biri Ukraynanın cəbhəyanı şəhərlərinə idarəolunan aviasiya bombaları ilə zərbələr endirən Rusiya təyyarələrinə qarşı mübarizə aparmaqdır.
Nazirlik qeyd edib ki, “Gripen E” təyyarələri müasir radar və radioelektron mübarizə sistemləri ilə təchiz olunub. Qırıcılar 100 kilometrdən artıq mənzilə malik “Meteor” hava-hava raketlərini daşımaq imkanına malikdir.
Bu təyyarələrin qanadlı raketlərin və dronların qarşısının alınmasında, həmçinin cəbhə xəttində hərbi əməliyyatların dəstəklənməsində istifadə olunması nəzərdə tutulur.
Danışıqlar zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyacları da müzakirə edilib.
Kiyev tərəfdaş ölkələrə mövcud ehtiyatlarından “Patriot” raketləri ayırmağı, bunun əvəzində isə gələcək tədarüklər hesabına həmin ehtiyatların bərpasını təklif edib.
Tərəflər “IRIS-T” sistemləri üçün raketlərin tədarükünün sürətləndirilməsi və İsveç istehsalı daşınan hava hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi məsələlərinə də toxunublar.
Ukrayna Müdafiə Nazirliyinin oktyabrın 22-də yaydığı məlumatda qırıcıların tədarükünə hazırlığın davam etdiyi və pilotların təlimlərinin plan üzrə aparıldığı təsdiqlənib.
10:52 24.10.2026
Oxunuş sayı: 56