ABŞ və Britaniya arasında İran və Ukrayna ilə bağlı fikir ayrılığı yaranıb
ABŞ və Böyük Britaniya arasında İranla bağlı mümkün hərbi əməliyyatlar və Ukraynaya münasibət məsələlərində fikir ayrılıqları yaranıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Britaniya rəsmiləri ABŞ administrasiyasının İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyindən narahatdırlar.
London hesab edir ki, belə bir addım Yaxın Şərqdə gərginliyi artırmaqla yanaşı, enerji tədarükündə fasilələrə və inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər.
Britaniya hökuməti İranla bağlı məsələlərin diplomatik yollarla həllinə üstünlük verir.
Agentliyin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərdən sonra Yaxın Şərqdə yeni hərbi əməliyyatların mümkünlüyünə işarə edib.
Londonun Vaşinqtonla fikir ayrılığı yaşadığı digər məsələ isə Ukraynadır. Britaniya rəsmiləri ABŞ administrasiyasının Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı daha sərt mövqe tutmasının qarşısını almağa çalışırlar.
Britaniyanın Ukraynaya dəstəyini davam etdirməsi rəsmi Londonun mövqeyində də əksini tapıb. Böyük Britaniya hökuməti oktyabrın 13-də Ukraynaya əlavə hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalar üzərində işlədiyini açıqlayıb.
09:49 24.10.2026
Oxunuş sayı: 62