Süni intellektin yaratdığı virus ilk dəfə insana tətbiq edilib
ABŞ-də süni intellekt vasitəsilə hazırlanmış virus ilk dəfə antibiotiklərə davamlı bakterial infeksiyadan əziyyət çəkən pasiyentin müalicəsində istifadə olunub.
Crossmedia.az xəbər verir ki, “The Independent” nəşri bu barədə məlumat yayıb.
Kaliforniyada fəaliyyət göstərən “Radical Numerics” şirkəti “Omnii-1” adlı süni intellekt sistemi vasitəsilə hazırlanmış bakteriofaqların ilk dəfə insana tətbiq edildiyini açıqlayıb.
Bakteriofaqlar müəyyən bakteriyaları yoluxduraraq məhv edən viruslardır. Onların əsas üstünlüyü zərərli bakteriyaları hədəfə alarkən faydalı mikroorqanizmlərə daha az təsir göstərməsidir.
Şirkətin məlumatına görə, yeni müalicə xüsusi icazə əsasında və həkim nəzarəti altında həyata keçirilib.
“Radical Numerics” bildirir ki, süni intellekt texnologiyası konkret bakterial infeksiyalara qarşı virusların daha sürətli hazırlanmasına imkan verə bilər.
Qeyd edək ki, antibiotiklərə davamlı infeksiyaların 2050-ci ilədək dünyada təxminən 40 milyon insanın ölümünə səbəb ola biləcəyi proqnozlaşdırılır.
Bununla belə, yeni müalicə üsulunun effektivliyi və təhlükəsizliyi hələ müstəqil elmi tədqiqatlarla təsdiqlənməyib.
10:59 24.10.2026
Oxunuş sayı: 361