ABŞ kəşfiyyatından İranla bağlı xəbərdarlıq: Sui-qəsd planları hazırlanır
ABŞ kəşfiyyatı İranın Yaxın Şərqdə və digər bölgələrdə amerikalı diplomatlara və dövlət rəsmilərinə qarşı sui-qəsd hazırlıqlarını əhəmiyyətli dərəcədə artırdığını iddia edir.
Crossmedia.az xəbər verir ki, “Axios” nəşri bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleytonun dövlət katibi Marko Rubioya ünvanladığı xidməti sənədə istinadən məlumat yayıb.
Oktyabrın 23-də göndərilən sənəddə İranın ABŞ rəsmilərini hədəf alan bəzi sui-qəsd planlarının artıq irəli mərhələyə çatdığı bildirilir.
Kəşfiyyat rəhbəri bu təhlükələrlə bağlı məlumatların daha geniş dairədə amerikalı dövlət əməkdaşlarına çatdırılmasının vacibliyini vurğulayıb.
“Axios”un məlumatına görə, sözügedən kəşfiyyat məlumatları ABŞ-nin Yaxın Şərqdəki bəzi səfirliklərində əməkdaşların sayının azaldılmasının əsas səbəblərindən biridir.
Birləşmiş Ərəb Əmirlikləri, Livan, Qətər və İordaniyadakı ABŞ səfirliklərində təhlükəsizlik tədbirləri çərçivəsində işçi heyətinin azaldılması qərara alınıb.
Sənəddə mümkün sui-qəsdlərin konkret hədəfləri, həyata keçirilmə üsulları və Yaxın Şərqdən kənarda hansı ölkələri əhatə etdiyi açıqlanmır.
Bununla belə, müvafiq kəşfiyyat məlumatlarının ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarına təqdim olunduğu bildirilir.
Qeyd edək ki, söhbət ABŞ kəşfiyyatının qiymətləndirməsindən gedir. İddia olunan sui-qəsd planlarının təfərrüatları ictimaiyyətə açıqlanmayıb.
11:44 24.10.2026
Oxunuş sayı: 54