Deputat: Azərbaycanın müstəqil inkişaf yolunu xarici təzyiqlər dəyişə bilməz
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra milli təhlükəsizliyin qorunması, dövlətçilik təməllərinin möhkəmləndirilməsi və müstəqil siyasətin davam etdirilməsi məsələləri xüsusi əhəmiyyət daşıyır. Regionda dəyişən geosiyasi reallıqlar fonunda ölkənin əldə etdiyi tarixi nailiyyətlərin qorunması, sabitliyin təmin edilməsi və milli maraqlara qarşı yönələn təhdidlərin qarşısının alınması aktual mövzulardandır. Eyni zamanda, informasiya müstəvisində yayılan iddialar və xarici təzyiqlər qarşısında dövlətin siyasi iradəsi və cəmiyyətin birliyi mühüm amil kimi çıxış edir.
Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın güclü dövlətçilik təməlləri, xalq-iqtidar birliyi və milli maraqlara əsaslanan siyasəti ölkənin təhlükəsizliyinin və suverenliyinin qorunmasında mühüm rol oynayır.
Deputatın sözlərinə görə, İkinci Qarabağ müharibəsindən 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərinə qədər Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində ardıcıl fəaliyyət göstərib: “Azərbaycanın əldə etdiyi tarixi Zəfər həm də ölkəmizin siyasi iradəsinin, milli birliyinin və müstəqil siyasətinin nəticəsidir. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər Azərbaycan bir gün belə dayanmayaraq ərazi bütövlüyünün tam bərpası istiqamətində ardıcıl fəaliyyət göstərib. Bu dövrdə həm beynəlxalq siyasi müstəvidə ölkəmizə qarşı qərəzli yanaşmaların qarşısının alınması, həm də hərbi-strateji mövqelərimizin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb”.
Könül Nurullayeva qeyd edib ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın bütün ərazisində suverenliyin bərpası ilə nəticələnib: “Bu tarixi hadisə Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərinə əsaslanırdı. Uzun illər ikili standartlarla üzləşən Azərbaycan öz gücü və qətiyyəti ilə göstərdi ki, milli maraqların müdafiəsi ardıcıl siyasi iradə və konkret addımlar tələb edir”.
Deputat vurğulayıb ki, əldə edilmiş Zəfərin qorunması, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi bu gün də Azərbaycanın əsas vəzifələri sırasındadır: “Müasir dünyada sülh və əmin-amanlıq böyük sərvətdir. Azərbaycanın sabit inkişafı, müstəqil xarici siyasəti və milli maraqlarını qətiyyətlə müdafiə etməsi ölkəmizin regiondakı mövqeyini gücləndirir. Bununla yanaşı, beynəlxalq müstəvidə yaranan çağırışlar təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini zəruri edir”.
Könül Nurullayeva Azərbaycanın müstəqil siyasətinə qarşı yönələn təzyiqlər və informasiya kampaniyaları barədə də danışıb: “Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəməyən bəzi xarici dairələr ölkəmizə təzyiq göstərməyə çalışırlar. Bu prosesdə xaricdə fəaliyyət göstərən və Azərbaycan dövlətinə qarşı qərəzli mövqe tutan qüvvələrin fəaliyyəti də narahatlıq doğurur. Ölkəmiz haqqında həqiqətləri təhrif etmək, beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmaq və Azərbaycanın daxili işlərinə kənar müdaxiləyə zəmin yaratmaq cəhdləri milli maraqlara ziddir. Azərbaycanın güclü dövlətçilik təməlləri, xalq-iqtidar birliyi və müstəqil siyasəti bu cür cəhdlərə qarşı mühüm amillərdir”.
Deputatın fikrincə, milli təhlükəsizliyin gücləndirilməsi və siyasi müstəqilliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır: “Azərbaycan öz təhlükəsizliyini, siyasi müstəqilliyini və milli maraqlarını qorumaq əzmindədir. Ölkəmiz öz inkişaf modelini müstəqil şəkildə müəyyənləşdirir. Azərbaycanın güclənməsi ilə paralel olaraq milli təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır”.
Könül Nurullayeva bildirib ki, xaricdən yönələn təzyiqlər və informasiya kampaniyaları Azərbaycanın müstəqil inkişaf yolunu dəyişə bilməz: “Azərbaycan xalqı öz tarixi nailiyyətlərini qorumağa, ölkənin sabitliyini və suverenliyini möhkəmləndirməyə qadirdir. Xaricdən yönələn təzyiqlər, qərəzli informasiya kampaniyaları və dövlətimizin nüfuzuna zərbə vurmaq cəhdləri Azərbaycanın müstəqil inkişaf yolunu dəyişə bilməz. Çünki qalib Azərbaycan öz qərarlarını özü verən, milli maraqlarını qətiyyətlə müdafiə edən və gələcəyini müstəqil şəkildə müəyyənləşdirən orta gücdür”.
Nigar Xəlilli
12:25 24.10.2026
Oxunuş sayı: 58