Dmitriyevadan ABŞ-yə sərt ittiham: Rusiya ilə bağlı iddialar geri təpdi
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-nin keçmiş Prezidenti Co Baydenin oğlu Hanter Baydenin noutbuku ilə bağlı aparılan araşdırmada iki keçmiş FTB əməkdaşının saxlanılmasına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, Dmitriyev bu barədə açıqlamasında Hanter Baydenin işi ətrafında Rusiyanı dezinformasiyada ittiham etmək cəhdlərinin Qərbin öz əleyhinə çevrildiyini iddia edib.
Məlumata görə, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) keçmiş əməkdaşları Nikki Floris və Bredli Benavides Konqresə yalan ifadə verməkdə ittiham olunurlar.
ABŞ Ədliyyə Nazirliyinin oktyabrın 23-də yaydığı məlumata əsasən, onlar 2023-cü ildə Hanter Baydenlə bağlı araşdırmalarda iştirakları barədə Konqresə yanlış məlumat verməkdə şübhəli bilinirlər. Hər iki şəxs saxlanılaraq məhkəmə qarşısına çıxarılıb.
Qeyd edək ki, 2020-ci il prezident seçkiləri ərəfəsində Hanter Baydenə məxsus olduğu bildirilən noutbukun məlumatlarının yayılması ABŞ-da siyasi mübahisələrə səbəb olmuşdu.
Həmin dövrdə bəzi keçmiş ABŞ kəşfiyyat rəsmiləri məlumatların yayılmasının Rusiya informasiya əməliyyatı ilə əlaqəli ola biləcəyini irəli sürmüşdülər. Lakin sonradan FTB xarici qüvvələrin noutbukun ortaya çıxmasında iştirakına dair sübut tapılmadığını bildirib.
Saxlanılan şəxslərin vəkilləri ittihamları rədd edərək cinayət işinin siyasi motivli olduğunu bildiriblər.
13:12 24.10.2026
Oxunuş sayı: 55