Nərimanov İcra Hakimiyyətini susduran məsələ - Nə baş verir?
Xəbər verdiyimiz kimi, Dərnəgül tikinti materialları bazarında xaos yaşanır. Crossmedia.az sahibkarların üzləşdiyi çətinlikləri araşdırmağa davam edir.
Araşdırmamız zamanı bir məqam diqqətimizi çəkdi. Bazarda baş verənlərlə bağlı çoxsaylı suallar yarandığından və ərazi Nərimanov Rayon İcra Hakimiyyətinin əhatəsində olduğundan quruma müraciət etdik.

Əvvəlcə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Muradova ilə əlaqə saxladıq. Saytımızın adını eşidən kimi zəngi sonlandırdı. Daha sonra etdiyimiz zənglərə də cavab vermədi.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının digər müavini Rüfət Əhmədzadə isə bildirdi ki, bazar onların deyil, Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir.
Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan isə məsələnin Nərimanov Rayon İcra Hakimiyyətinin nəzarətində olduğu və sorğumuzun cavablandırılacağı bildirildi.
Lakin Rüfət Əhmədzadə sonradan nə zənglərimizə cavab verdi, nə də mesajlarımıza reaksiya göstərdi.

Sahibkarların üzləşdiyi vəziyyət yayımladığımız video süjetdə aydın şəkildə əks olunsa da, görünür, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin və qurumun digər nümayəndələrinin bu məsələyə münasibəti hələ də bəlli deyil.
Belə bir vəziyyətdə qurum nümayəndələri baş verənlərdən xəbərdar olmadıqlarını deyə bilərlər. Mümkündür. Bəlkə də rahat kabinetlərindən çıxıb bazardakı vəziyyətlə yerində tanış olmağa fürsət tapmayıblar. Elə buna görə də orada yaşananlardan xəbərsizdirlər.
Lakin jurnalist araşdırma apararaq icra hakimiyyətinin rəhbər şəxslərini məsələ barədə məlumatlandırdıqdan sonra belə laqeyd münasibətlə qarşılaşmaq qəbuledilməzdir. Xüsusilə də söhbət sahibkarların dolanışığına, iş yerlərinə və təhlükəsizliyinə təsir edən ciddi problemdən gedirsə, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi vacibdir. Jurnalistin məlumat almaq hüququna hörmətlə yanaşılmalı, ünvanlanan suallar cavabsız qalmamalıdır.
Sahibkarların təhdid olunduğu barədə səsləndirilən iddialar da diqqətdən kənarda qalmamalıdır. İcra hakimiyyətinin nümayəndələrinin məsələyə münasibət bildirməməsi bu iddiaları öz-özlüyündə təsdiqləmir. Lakin bu münasibət iddiaların gerçək olması ehtimalını artırır. Çünki İcra nümayəndələri bu mövzuya belə yanaşırsa, təbii ki, sahibkar da, bazarda işləyən fəhlə də, hətta o bazarda uçan quş belə təhdidə də məruz qalar, təhqirə də, zorakılığa da. Odur ki, yaranmış vəziyyət sahibkarların iddialarının hərtərəfli araşdırılmasını və aidiyyəti qurumların aydın mövqe ortaya qoymasını zəruri edir.
Qeyd edək ki, Dərnəgül bazarında yaşanan xaosla bağlı geniş araşdırmamız saytımızda yayımlanıb. Sahibkarlara bazarı tərk etmələri ilə bağlı qeyri-rəsmi bildirişlər paylanılıb. Lakin bazarın hara və nə vaxt köçürüləcəyi barədə onlara konkret məlumat verilməyib.
Əraziyə baş çəkərkən bazara gedən bəzi yolların daş maneələrlə bağlandığını da müşahidə etdik. Bir neçə sahibkar mikrofonumuza danışaraq narazılığını bildirdi. Bəziləri isə danışmaqdan imtina etsə də, üstüörtülü şəkildə təhdid edildiklərini iddia etdilər.
Bazarın qarşıdakı taleyi barədə araşdırmamızı davam etdirəcəyik.
13:20 24.10.2026
Oxunuş sayı: 444