Baxçalıdan aydın mesaj – Azərbaycanın mövqeyi ədalətli və haqlıdır
Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı son açıqlamalarında Türkiyəni Türk dünyasından uzaqlaşdırmaq cəhdlərinə qarşı açıq xəbərdarlıq edib. “Türkiyə olmadan Türk dünyası layihələrini həyata keçirmək cəhdlərini diqqətlə izləyirik” deməklə o, həm regional, həm də qlobal miqyasda aparılan hesabların fərqində olduğunu göstərib. Bu bəyanat həm də Türkiyə və Azərbaycan arasındakı münasibətlərə kölgə salmaq, münasibətlərimizi korlamaq istəyənlərə, Türkiyədə Azərbaycan əleyhinə çıxış edən radikal qüvvələrə yönləndirilib. Bu yalnız bir siyasi rəhbərin şəxsi mövqeyi deyil, eyni zamanda dövlətçilik ənənəsinə və tarixi məsuliyyətə əsaslanan ağsallıq nümunəsidir.
Baxçalı vurğulayıb ki, türk dövlətləri arasındakı münasibətlər dərin tarixi əlaqələrə, suverenliyə, qarşılıqlı hörmətə və etimada söykənir. Bu yanaşma dövlət ərkanına tam uyğundur. O, emosional reaksiya verməmiş, siyasi spekulyasiyalara qapılmamış, əksinə, iki ölkə arasındakı qardaşlıq hüququnu və Türk dünyasının ümumi gələcəyini qorumağı əsas prioritet kimi ortaya qoyub. Xüsusilə Azərbaycanla bağlı hissədə onun mövqeyi aydın və prinsipialdır: Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir və aralarına nifaq toxumu səpilməsinə yol vermək olmaz.
Bu kontekstə 23 oktyabr Dövlət Baxçalı ilə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun görüşü xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı səfir Prezident İlham Əliyevin təşəkkürlərini və Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində MHP-nin prinsipial mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını çatdırıb. Baxçalı isə öz növbəsində Azərbaycana daim dəstək olduğunu, münasibətlərin qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq, etimad və qardaşlıq əsasında inkişaf edəcəyinə inandığını bildirib. Bu görüş Azərbaycanın məsələlərə adekvat münasibət sərgilədiyini göstərir. Rəsmi Bakı emosional reaksiya verməmiş, diplomatik kanallarla və dövlət səviyyəsində məsələyə yanaşmışdır.
Türkiyədəki bir sıra qrupların təhqirləri, Azərbaycan əleyhinə çıxışları hələ də səngimir, heç bir tədbir də görülmür və Azərbaycanın daxili işlərinə qarışanlar dayanmaq bilmir. Bəzi dairələrin və trol ordusunun Azərbaycanın daxili qərarlarına – xüsusilə dövlət məktəblərindəki geyim qaydalarına – müdaxilə cəhdləri açıq-aydın suverenlik prinsipinə ziddir. Qardaşlığımız sözsüz ki, əbədidir. Yaralar sağalacaq, amma izləri qalacaq. Trol ordusu bunu anlamalı və dərk etməlidir. Bu reallığı inkar etmək olmaz. Lakin bu izlər qardaşlıq bağlarını pozmaq üçün bəhanə ola bilməz.
Biz qərar vermişik və bu qərar daxili siyasətin bir hissəsidir, yalnız bizi maraqlandırır. Türkiyədən təhqir yağdıran trol ordusu, nə də ki xaricdən hansısa “təzyiq” bizim dövlət mexanizmimizə təsir göstərə bilməz. Bizə heç kim göstəriş verə bilməz. Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür. Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün bütün dünyada, beynəlxalq tribunalarda öz sözünü deyir. Onun heç kimin dəstəyinə ehtiyacı yoxdur.
Bu mövqe təsadüfi deyil. Son illərdə Azərbaycanın beynəlxalq aləm və Türk dünyasında artan nüfuzu, enerji siyasəti, nəqliyyat dəhlizləri, Cənubi Qafqazda sülh prosesindəki rolu və ölkənin müstəqil və prinsipial xarici siyasətinin nəticəsidir. Azərbaycan Türkiyə də daxil olmaqla heç bir dövlətin daxili siyasətinə qarışmadığı kimi, öz daxili siyasətinə də Türkiyə daxil olmaqla heç kimin qarışmasına icazə verməyəcək. Bu, sadəcə bəyanat deyil, dövlət praktikasıdır.
MHP-nin mövqeyi bu mənada xüsusi dəyərlidir. Bu siyasi partiya Türkiyədə bəzi dairələrin yaratdığı gərginliyə baxmayaraq, dövlətçilik məntiqi ilə hərəkət etmiş, qardaşlıq hüququnu gündəlik siyasi müzakirələrin və emosional reaksiyaların fövqündə tutmuşdur. Baxçalının “Türkiyəsiz Türk dünyası hesabları”na qarşı xəbərdarlığı isə daha geniş bir strateji mesajdır. Türk dünyası yalnız tarixi və mədəni bağlarla deyil, eyni zamanda real siyasi və iqtisadi maraqlarla formalaşır. Bu maraqların mərkəzində isə həm Türkiyə, həm də Azərbaycan dayanır. Birini digərindən ayırmaq cəhdləri nə tarixi reallığa, nə də gələcək potensiala uyğundur.
Nəticə etibarilə, cari vəziyyət bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri gündəlik siyasi dalğalanmalardan və bəzi dairələrin spekulyasiyalarından daha dərin köklərə malikdir. Qardaşlıq əbədidir. Lakin bu qardaşlıq yalnız emosional bəyanatlarla deyil, qarşılıqlı hörmət, suverenliyə sayğı və dövlət ərkanına uyğun davranışla qorunur. Dövlət Baxçalının son açıqlamaları və Azərbaycan səfiri ilə görüşü məhz bu prinsipin praktik təzahürüdür. Azərbaycan isə öz yolunu davam etdirir – müstəqil, prinsipial və heç kimin diktəsi altında olmayan bir siyasətlə.
16:00 24.10.2026
Oxunuş sayı: 60