Zelenskidən Rusiya və Çinə qarşı yeni sanksiyalar
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Çində fəaliyyət göstərən şirkətlərə, eləcə də Rusiya vətəndaşlarına qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin rəsmi saytında bu barədə məlumat yayımlanıb.
Oktyabrın 24-də imzalanan fərmanlara əsasən, sanksiya siyahısına 83 fiziki və 79 hüquqi şəxs daxil edilib. Hüquqi şəxslərdən 77-si Rusiyada, ikisi isə Çində qeydiyyatdan keçib.
Sanksiyalara məruz qalan şirkətlər arasında Rusiyanın “Rusal” sənaye qrupuna daxil olan müəssisələr, Q.S.Petrov adına Plastik Kütlələr İnstitutu və “Kometa” Xüsusi Təyinatlı Kosmik Sistemlər Korporasiyası da var.
Ukrayna tərəfinin məlumatına görə, məhdudiyyətlər Rusiyanın ballistik raket istehsalında iştirak edən, həmçinin hərbi aviasiya, zirehli texnika, raket silahları və pilotsuz uçuş aparatları üçün avadanlıq və komponentlər tədarük edən müəssisələrə şamil olunur.
Birinci sanksiya siyahısına 51 fiziki və 44 hüquqi şəxs, ikinci siyahıya isə 32 fiziki və 35 hüquqi şəxs daxil edilib.
Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasyuk bildirib ki, Kiyev bu məhdudiyyətlərin digər ölkələrin yurisdiksiyalarında da tətbiqinə çalışır.
Onun sözlərinə görə, məqsəd Rusiyanın hərbi-sənaye kompleksinin silah istehsalı imkanlarını zəiflətməkdir.
Qeyd edək ki, sanksiyalar Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarları əsasında qüvvəyə minib.
16:18 24.10.2026
Oxunuş sayı: 55