Ukraynaya Avropa yardımı 228 milyard dolları ötüb
Avropa ölkələrinin hərbi və maliyyə yardımlarını artırmasına baxmayaraq, Ukrayna hava hücumundan müdafiə, kəşfiyyat və peyk rabitəsi sahələrində ABŞ-dən ciddi şəkildə asılı olaraq qalır.
Crossmedia.az xəbər verir ki, CNN telekanalı bu barədə oktyabrın 24-də dərc etdiyi təhlildə məlumat yayıb.
Bildirilir ki, Donald Tramp administrasiyasının Kiyevə hərbi yardımı azaltması və iki ölkə arasında münasibətlərin gərginləşməsi Ukraynanın müdafiə imkanları ilə bağlı narahatlıqları artırıb.
CNN-in təhlilinə görə, Avropa müttəfiqləri Ukraynaya dəstəyi genişləndirsələr də, ABŞ-nin təqdim etdiyi bəzi mühüm hərbi texnologiyaları tam əvəz edə bilmirlər.
Xüsusilə hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatları və peyk rabitəsi Ukrayna ordusu üçün strateji əhəmiyyət daşıyır.
Məlumata əsasən, Tramp administrasiyası 2025-ci ilin əvvəlində Ukraynaya yeni yardım paketlərinin ayrılmasını dayandırıb.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, ABŞ 2022-ci ilin fevralından Ukraynaya ən azı 131,5 milyard dollar yardım ayırıb.
Avropa İttifaqı ölkələri və qurumlarının ümumi dəstəyi isə 228,5 milyard dollara çatıb. Beləliklə, Avropa İttifaqı ümumi yardım həcminə görə ABŞ-ni geridə qoyub. Bununla belə, ABŞ ayrı-ayrı dövlətlər arasında Ukraynanın ən böyük yardımçısı olaraq qalır.
Avropa ölkələri arasında Almaniya, Danimarka, Niderland və İsveç hərbi dəstəyin həcminə görə fərqlənir. Böyük Britaniya və Norveç də Ukraynaya əhəmiyyətli yardım göstərib.
Avropa dövlətləri Ukrayna üçün ABŞ istehsalı olan silahları da satın alırlar. Lakin həmin silahların təhvil verilməsi Pentaqonun icazəsindən asılı olduğundan Vaşinqton tədarükün həcminə və müddətinə təsir imkanlarını saxlayır.
CNN qeyd edir ki, ABŞ yardımının dayandırılması və ya məhdudlaşdırılması Ukraynanın müdafiə qabiliyyətinə ciddi zərər vura bilər. Bununla belə, belə bir addımın Kiyevi müharibəni dayandırmağa məcbur edəcəyi ehtimalı aşağı qiymətləndirilir.
17:00 24.10.2026
Oxunuş sayı: 59