ABŞ-dən Rusiyaya növbəti güzəşt: Bu dəfə sanksiyaları yumşaldır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə iqtisadi yaxınlaşma çərçivəsində, xüsusilə gübrə istehsalı sahəsində sanksiyaların yumşaldılmasını nəzərdən keçirə bilər.
Crossmedia.az xəbər verir ki, “Kyiv Independent” bu barədə ukraynalı və amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Ukraynalı rəsmilər Rusiyaya atəşkəs əldə olunmamış yeni iqtisadi güzəştlərin təklif edilə biləcəyindən narahatdırlar. Onların fikrincə, Moskva Ukraynaya qarşı müharibəni davam etdirdiyi və maksimal tələblərindən geri çəkilməyə hazır olduğunu göstərmədiyi halda belə bir addım gündəmə gələ bilər.
Nəşrin məlumatına görə, dizel yanacağı ilə bağlı razılaşmalardan sonra Tramp administrasiyası Rusiya ilə iqtisadi əlaqələri genişləndirməyin digər yollarını da nəzərdən keçirə bilər.
Mümkün istiqamətlərdən biri Rusiyanın gübrə istehsalı sənayesidir. Mənbələr potensial razılaşmanın bu sahə ilə əlaqəli gəmilərə, şirkətlərə, banklara və fiziki şəxslərə tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasını əhatə edə biləcəyini bildiriblər.
Bununla belə, Vaşinqtonun hansı konkret sanksiyaları ləğv edə biləcəyi açıqlanmayıb. Gübrə istehsalı sahəsi ilə bağlı mümkün razılaşma hələlik ehtimal səviyyəsindədir.
17:33 24.10.2026
Oxunuş sayı: 62