“Araz”, “Bazarstore”, “Olivia” və s. - İstehlakçılar necə aldadılır?
İstehlakçı hüquqları hər bir insanın gündəlik həyatına birbaşa təsir edən məsələlərdən biridir. İnsanlar hər gün marketlərdən ərzaq alır, müxtəlif xidmətlərdən istifadə edir, geyim və məişət əşyaları alarkən məhsulun keyfiyyətinə, qiymətinə və onun haqqında verilən məlumata güvənirlər. Lakin bəzən bu güvən özünü doğrultmur. Rəfdə göstərilən qiymətlə kassada tələb olunan məbləğin fərqli olması, endirim adı altında yanlış məlumat verilməsi, məhsulun keyfiyyəti ilə bağlı uyğunsuzluqlar və alıcının şikayətinə laqeyd yanaşılması istehlakçıların qarşılaşdığı problemlər sırasındadır.
Məsələ yalnız məhsulun keyfiyyəti və ya qiymətlə bağlı deyil. “Bakcell”, “Nar Mobile”, “Azercell”, “Kontakt Home”, “İrşad”, “Baku Electronics”, “ABB”, “Olivia”, “Araz” market və “Bazarstore” kimi şirkətlərin istehlakçılarla münasibəti, müştərilərə təqdim edilən məlumatların düzgünlüyü və Azərbaycan dilinin tələblərinə əməl olunması da diqqət tələb edən məsələlərdəndir. Crossmedia.az bu istiqamətdə, o cümlədən kütləvi SMS bildirişlərində Azərbaycan dilinin qaydalarına əməl edilməməsi ilə bağlı dəfələrlə materiallar yayımlayıb. Belə hallar istehlakçı hüquqlarının yalnız maddi maraqlarla məhdudlaşmadığını, vətəndaşın düzgün məlumat almaq hüququnun da əhəmiyyət daşıdığını göstərir.
Belə hallarda məsələ yalnız bir məhsula görə artıq pul ödəməklə bitmir. Söhbət vətəndaşın hüququndan, satıcının və xidmət göstərən şirkətin məsuliyyətindən, eləcə də bazarda dürüst münasibətlərin nə dərəcədə qorunmasından gedir. İstehlakçı aldığı məhsulun keyfiyyətli olmasını, onun haqqında düzgün məlumat verilməsini və ödədiyi məbləğin təqdim olunan qiymətə uyğun gəlməsini gözləyir. Ancaq hüquq pozuntusu ilə üzləşən hər kəs hara müraciət etməli olduğunu, öz haqqını necə tələb edə biləcəyini və şikayətinin hansı nəticə verəcəyini bilirmi?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə bu ilin yanvar–avqust aylarında istehlakçıların aldadılması ilə bağlı 396 müraciətin daxil olması problemin aktuallığını bir daha gündəmə gətirir. Müraciətlərdən 306-sına baxılıb, 130-u təmin edilib, 17 inzibati protokol tərtib olunub. Bu rəqəmlər istehlakçı hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə yanaşı, alıcıların üzləşdiyi problemlərə, şikayətlərin araşdırılması mexanizminə və pozuntuların qarşısının nə dərəcədə alınmasına da diqqət yetirməyi zəruri edir.
Bəs istehlakçılar ən çox hansı hallarda aldadılır? Hüquqları pozulduqda özlərini necə qoruya bilərlər? Şikayət mexanizmi və tətbiq olunan cərimələr belə halların qarşısını almaq üçün nə dərəcədə effektivdir?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən hüquqşünas Təhminə Mahmudova bildirib ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı müraciətlər Agentlik tərəfindən araşdırılır:
“Vətəndaş öz növbəsində hüquq pozuntusunu təsdiq edən sübutları, o cümlədən kassa çekini, qiymət fərqini göstərən foto və videoları, reklam elanlarını və digər müvafiq sənədləri Agentliyə təqdim etməlidir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülə bilər. Ödənilmiş vəsaitin geri qaytarılması və ya dəymiş zərərin ödənilməsi təmin edilmədikdə, istehlakçı məhkəməyə müraciət etmək hüququna malikdir”.
Təhminə Mahmudovanın sözlərinə görə, qanunvericilikdə istehlakçı hüquqlarının pozulmasına görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.
“Əsas məsələ yalnız cərimələrin artırılması deyil, mövcud qanunvericiliyin effektiv tətbiqi, pozuntulara vaxtında reaksiya verilməsi və təkrar hüquq pozuntularının qarşısının alınmasıdır. Eyni zamanda, istehlakçının pozulmuş hüququnun bərpasına xüsusi diqqət yetirilməlidir. Çünki sahibkarın cərimələnməsi vətəndaşın dəymiş zərərinin avtomatik ödənilməsi demək deyil”, – deyə hüquqşünas vurğulayıb.
17:26 24.10.2026
Oxunuş sayı: 75